wrapper

Fasilə dönəmində ilk yoxlama oyununuy keçirən “Sumqayıt” birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”a 3:0 hesabı ilə qalib gəlib.  Matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abbasovdan həm oyun, həm də hazırlıq dönəmi ilə bağlı fikirlərini öyrəndik.

- Komandanız təlim-məşq toplanışı dönəmində ilk yoxlama oyununu keçirdi. Meydanda gördüklərinizdən razı qaldınız?

- Düzü, oyundan qeyri-adi nəsə gözləmirdim. Bu matç heç əvvəlcədən hazırlıq planımıza daxil deyildi. Sadəcə, düşündüm ki, futbolçuların fikrini məşqlərdən yayındırmaq üçün belə qarşılaşma lazımdı. Artıq neçə vaxtdı futbolçular ancaq məşq edirlər ki, bu da bəzən bezdirici olur. Bu gün həm də komandanın fiziki yüklənmə fonunda necə təsir bağışladığını görmək fürsətim oldu. Onu da bildirim ki, komanda səhər məşqi də edib. Özünüz də gördünüz ki, hər iki hissəni fərqli heyətlə oynadıq. İlk yarıda, demək olar ki, əsas heyətin üzvləri meydanda idi. Fasilədən sonra isə əvəzedici komandadan dəvət olunan gənclərə özünü göstərmək imkanı yaratdıq. Qısaca desəm, belə ağır yüklənmədən sonra futbolçular heç də pis təsir bağışlamadılar. Ancaq görüləsi çox işimiz var.  

- Çempionat oyunlarından fərqli, yenə arxa xətdə 4 müdafiəçinin xidmətindən yararlandız. Mövsümün əvvəlində bu taktikadan istifadə etsəz də, effekt vermədi. Yenidən “5-li” müdafiəyə qayıtdız. Sizin üçün uğurlu olmayan taktikanı sınamaqda məqsədiniz nədi?

- Bütün variantları sınaqdan keçiririk ki, çempioantda lazım gələndə istifadə edə bilək. Ola bilsin, qış fasiləsindən sonra oyunlara da fərqli taktiki düzülüşdə çıxdıq. Komanda daim eyni oyun sərgiləyəndə, rəqib səni asanlıqla zərərsizləşdirə bilir.

- Dörd futbolçunuz – Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Ülvi İsgəndərli və Bəhlul Mustafazadə komandadan ayrı düşərək, U-21-in toplanışına qatılıb. Onların yoxluğu sizə problem yaratmır ki?

- Heç bir problem yoxdu. U-21 yığmamızın baş məqşçisi hamımızın yaxşı tanıdığı Rəşad Sadıqovdu. Onun nəyə qadir olduğunu, komandaya, futbolçuya münasibətini yaxşı bilirəm. Belə deyək, oyunçularıma görə narahat deyiləm. Ötən gün gecə Rəşadla danışdım, futbolçularımın durumu ilə maraqlandım. O da bizim futbolçularımızdan ağızdolusu danışıb, məşqlərdə var gücü ilə çalışdıqlarını bildirdi ki, bu da məni sevindirdi. Bəlkə də əvvəlki illər olsaydı, fikirləşərdim ki, millinin düşərgəsinə getdilər, necə olacaqlar? İndi Sadıqova arxayınam. Bundan başqa, “Sumqayıt” Türkiyəyə yollanandan cəmi 4 gün sonra həmin uşaqlar bizə qoşulacaqlar. Təxminən 12-13 gün ərzində bizimlə birgə çalışacaqlar ki, məncə, bu da kifayət edəcək. Ən azı üç yoldaşlıq oyununda komanda ilə birgə olacaqlar.  

- Türkiyədə keçirəcəyiniz yoxlama görüşlərindəki rəqiblər artıq məlumdu. Seçimiz özünüz etmisiniz, yoxsa menecerlər onları təklif edib, siz də razılaşmısınız?

- Əlbəttə, rəqibləri özümüz seçmişik. Bir yoxlama görüşü üçün komanda seçimində çətinliklə üzləşmişdik. Həmin gün oyun keçirmək üçün bizə üç komanda təklif olunmuşdu. Onlar arasında Polşa, Rumıniya və adını unutduğum ölkənin təmsilçisi var idi. Rumınlarla görüşdən özümüz imtina etdik. Onlarla bizimki nəsə tutmur.  Hər dəfə meydanda nəsə problem yaşanır. Adını unutduğum komanda iddialı deyildi. Belə olan halda Polşanın “Poqon” klubuna üstünlük verdik. Ümumilikdə, yoldaşlıq görüşləri üçün bizə 12 klub təklif olunmuşdu. Seçim edib dördünə razılıq verdik. Düşünürəm ki, bizim üçün yaxşı komandadırlar.

- Ölkə kubokunun yarımfinalında qarşılaşacağınız “Keşlə”də qış fasiləsində əsaslı dəyişikliklər olub. Komandaya yeni baş məşqçşi ilə yanaşı, bir sıra futbolçular dəvət olunub. Yoxlama oyunları da göstərir ki, “Keşlə” əvvəlkindən daha güclüdü. Onların yoxlama oyunlarını izləmisiniz?

- Özüm canlı izləməsəm də, məlumatım var. İzləməməyimin də səbəbi var. Dünənə kimi deyirdilər ki, “Neftçi” ilə matç “Bakcell Arena”da baş tutacaq. Mən də ora getməyə hazırlaşırdım. Lakin son anda məlum oldu ki, oyunun yeri dəyişdirilib. İsmət Qayıbov adına stadionda da oyuna baxmaq üçün o qədər də əlverişli şərait yoxdu. Yəqin ki, növbəti yoxlama oyunlarını stadiondan izləyəcəm. 

- Çempionatda mübarizə aparan komandalarla yanaşı, milli komandamızın da Türkiyədə təlim-məşq toplanışı olacaq. Baş məşqçi kimi necə düşünürsüz, bu gün komandanızda milliyə namizəd var?

- Ad çəkməyəcəm, ancaq fikirləşirəm ki, ən azı iki futbolçumuz yığmaya dəvət oluna bilər. Amma əsas seçimi Qurban Qurbanov edəcək. Onun fikirlərinə hörmətlə yanaşırıq. 

 

ÇİNGİZ ABBASOV 

Son redaktə Çərşənbə axşamı, 16 Yanvar 2018