wrapper

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, hazırda futbol agenti kimi fəaliyyət göstərən Boyan İliçin müsahibəsi:

- Qış transfer dövründə Azərbaycan klubları və ya futbolçuları ilə bağlı hansısa keçidləri gerçəkləşdirə bildiniz?

-Azərbaycan bazarı, demək olar ki, ölü vəziyyətindədir. Buna təəssüf edirəm. Daha yaxşı dövrləri gözləmək lazımdır. O zaman yenidən çalışarıq. İndi orada heç nə yoxdur. 

 

- Hətta Azərbaycan klublarının legionerlərini də istəmirlər? Məsələn, Reynaldonu...

- Xeyr. Görünür, Reynaldo ən yaxşı vaxtlarını arxada qoyub. Son iki ildə statistika xatirinə çıxış edib. Çətin ki, onu güclü klub götürsün. Bəlkə təsadüfi komandalara lazım olar. 

 

- Reynaldo artıq "Adanaspor"a transfer olunub və tezliklə rəsmi müqaviləyə imza atacaq...

- Açığı, məni Reynaldo və onun agenti artıq maraqlandırmır. 

 

- Siz Azərbaycan bazarında hansı futbolçuların agentisiniz?

- Artıq ölkənizdə mənim oyunçularım qalmayıb. Var idilər, amma klubları dağıldı. Nəticədə oyunçularım klublarını incik halda tərk etdilər. "Simurq", "Bakı" və "Xəzər Lənkəran"dan FİFA-ya şikayət etsələr də, çıxarılacaq qərarın onlara heç bir xeyri olmayacaq. Çünki həmin klublar ya dağılıblar, ya da yox dərəcəsindədirlər. 

 

- Məsələn, hansı futbolçular?

- Marko Stanoyeviç, Risto Ristoviç, Deyan Blajevski, Draqan Çeran, Nedo Turkoviç. Yalnız Reynaldo qalıb.

 

- Reynaldo Sizin futbolçudur?

- Onu "Qarabağ"a mən gətirmişəm.

 

- Bəs indi onunla çalışmırsınız?

- Xeyr. Çünki "Qarabağ"da oynamağa başladıqdan bir il sonra braziliyalı agenti özünü çox pis apardı. Mən də əməkdaşlıqdan imtina etdim. Belə deyək, pulu ailəsindən çox sevən agenti öz oyunçularını Tailand kimi ölkələrə satır. Mən isə bu gün futbolçumu İngiltərənin "Derbi Kaunti" klubuna transfer etdim. Bu, sloveniyalı 19 yaşlı müdafiəçi Sven Kariç Şoştariçdir. 

 

- Hazırda Reynaldonun "Adanaspor"a keçidi ilə məşğul olan agent Tural Əsgərovdur...

- Bu, sadəcə, gülməlidir. Futbolu anlamayan şəxslər belə düşünə bilərlər. Reynaldonun agenti Odario Mendeş Duraeşdir. 4 il öncə o futbolçunu mənə Odario məsləhət gördü. Mən isə "Qarabağ"ın məşqçilər heyətinə təklif etdim. Onlar da braziliyalı hücumçunu istədilər. Nəticədə Reynaldonu "Qarabağ"a gətirdim. Həmin vaxt Tural Əsgərov ümumiyyətlə yox idi. Belə adamlara görə artıq Azərbaycan bazarında aktiv deyiləm. Bir çox digər agentlər də həmçinin. Belələri Azərbaycanı və onun futbolunu aşağılayırlar. Nəticədə Avropa və dünyada qısa müddətdə mənfi rəy yaranmağa başlanır. Məndən Azərbaycan barədə soruşanda bunun belə olmadığını izah etməyə çalışıram. Ölkənizdə çoxlu yaxşı, vicdanlı dostlarım var, gözəl günlər keçirmişəm. Azərbaycana böyük hörmətlə yanaşıram. Amma Reynaldonun agenti braziliyalıdırsa, Tural Əsgərov hardan çıxdı? Mən Sizə Reynaldonu "Qarabağ"a özümün gətirdiyini sübut edən foto da təqdim edə bilərəm. Ümidvaram ki, ən qısa müddətdə hər şey öz yerini tapacaq. (Sportnet.az)

Son redaktə Çərşənbə, 25 Yanvar 2017