wrapper

Bildiyiniz kimi, Bakının “İnter” klubunda bir neçə gün öncə ciddi dəyişiklik baş verib. Belə ki, Beynəlxalq Bankın klubu maliyyələşdirməkdən imtina etməsindən sonra, AFFA hüquqşunası Rəmiş Malıyevi klubda səlahiyyətli nümayəndə təyin edib.

Adından bəhs etdiyimiz şəxs bu gün Topaz Premyer Liqasının XVI turu çərçivəsində baş tutan “Sumqayıt” – “İnter” (2:2) oyununu izləyənlər arasında idi. Oyundan sonra Malıyevlə klubun indiki vəziyyətindən, gələcək taleyindən danışdıq:

- Komandanız “Sumqayıt”la oyunda gözlənilmədən xal itirdi. Matç haqda nə deyə bilərsiniz?

- Komanda çox yaxşı təsir bağışladı. İlk dəfə idi ki, “İnter”in oyununu belə, ürəkdən izləyirdim, həyəcanı yaşayırdım. Emosiyalar qalxır, düşür. Futbol sona qədər oynanılan idman növüdü. Gördüyünüz kimi, “Sumqayıt”la oyunda sona qədər mübarizə aparmadıq, ona görə də hesabı bərabərləşdirdilər. Bəlkə də, ədalət zəfər çaldı deyə, “Sumqayıt” ikinci qolu vurdu.

 

- “İnter” bir neçə dəfə çətinliklərlə üz-üzə qalsa da, öz oyun üslubunu dəyişməyib. Bundan sonra necə olacağını düşünürsünüz?

- Hesab edirəm ki, “İnter” çox güclü komandadır. Mən futbolçularla görüşüb, söhbət etmişəm. Düz qeyd etdiniz ki, “İnter” ötən ildən çətin vəziyyətdə yaşayır. Bütün bunlara baxmayaraq, “İnter” öz oyun stabilliyini qoruyub saxlaya bilir. Mən buna görə futbolçulara minnətdaram. Bunu hər komanda bacarmaz.

 

- Qeyd etdiniz ki, yaxşı komandamız var. Bu yaxşı komandanın dağılması ədalətli olarmı?

- Komandanı müəyyən mənada futbolçular da xilas edə bilərlər. Bizim də , onların da üzərində məsuliyyət var. Əgər nəticələr yaxşı olsa, sponsorlar komandaya daha yaxşı maraq göstərə bilərlər. Düzdü, indiki zamanda hər şey çox çətindir. Obyektiv olaraq deyə bilərəm ki, “İnter” Azərbaycanın ən stabil komandasıdır. Düzgün olmaz ki, belə bir komandanın səviyyəsi aşağı düşsün və çempionatda iştirak etməsin.  Biz əlimizdən gələni edəcəyik.

 

- Qısa müddət ərzində komandanın son durumunu, baş verən hadisələri öyrənə bilmisiniz?

- Müəyyən qədər. Ümumi məsələlərlə bağlı məlumatım var, əvvəldən də maraqlanmışdım. Əslində, biz bura nəyisə dəyişmək üçün gəlməmişik. Çalışırıq ki, komandanı mövsümün sonuna qədər bu səviyyədə aparaq. Dediyim kimi, hal-hazırda heç bir dəyişiklik nəzərdə tutulmayıb.

 

- Hər-hansı bir şirkət komandaya dəstək olsa, burada qalacaqsınız? Yoxsa, müvəqqəti olaraq gəlmisiz və müəyyən müddətdən sonra öz işinizə qayıdacaqsınız...

- Artıq özümdə də idmana müəyyən qədər maraq yaranıb. Mən indi o barədə düşünmürəm. Arzun odur ki, komanda mövsümün sonuna qədər ən azı üçüncü pilləni tutsun. İlk pillələrdə mübarizə aparan komandalarla da mübarizə apara bilərik, onlardan heç nə ilə geridə qalmırıq. Əsas məqsədim komandanın Avrokuboklara vəsiqə qazanmasıdır.

 

- Sponsor tapılmasa, komandanın sonu necə olacaq?

- Bu barədə heç nə deyə bilmərəm.

 

- “İnter”də 170-ə yaxın işçi çalışır. Maliyyə vəziyyətini nəzərə alsaq, hansısa ixtisarlar gözlənilirmi?

- Xeyr, olduğu kimi qalacaq. Biz heç kimi işindən uzaqlaşdırmayacıq. 

 

Çingiz ABBASOV