wrapper

Bakının “İnter” klubunun kapitanı Nizami Hacıyevin Futbol11.az saytına müsahibəsi:


- Komandanız  “Sumqayıt”la oyunda gözlənilmədən xal itirdi. Oyunu necə şərh edə bilərsiniz?

- Oyun düşündüyümüz kimi ağır keçdi.Həqiqətən də çətin idi. 1-0 hesabı ilə məğlub olarkən, 1-2 önə keçdik, daha sonra isə səhvlərimizin ucbatından hesab bərabərləşdi. Əlbəttə, bu gün qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, bunu əldə edə bilmədik. Artıq nəticə məlumdu və oyun geridə qalıb. Növbəti oyunlara hazırlaşmalı, əlimizdən gələnin ən yaxşısını etməyə çalışmalıyıq.

 

- Ümumiyyətlə, ilk hissədə meydanda “İnter” adlı komanda yox idi. Bunun səbəbi nədir?

- Ola bilər. Baş məşqçimiz də bu barədə dedi ki, komanda həm yorğun, həm də həvəssizdi.  Elə bil ki, qol buraxmağımız bizə stimul verir. Düzdü, bu yaxşı hal deyil, bunu aradan qaldırmalıyıq. Bütün oyunlarda ilk 20 dəqiqəni düzgün istiqamətdə istifadə edə bilmirik. Deyərdim ki, ilk hissədə rəqib yaxşı oynadı, biz öz oyunumuzu tapa bilmirdik. İkinci hissədə isə yaxşı oynadıq.

 

- Bildiyimiz kimi, “İnter”də növbəti dəfə ciddi dəyişiklik oldu. İndi komandada durum necədir?

- Komandanın vəziyyəti pis olmamalıdır. Beynəlxalq Bank imtina etdikdən sonra, AFFA klubu öz öhdəliyinə götürüb. Biz AFFA rəhbərliyinə güvənirik və inanırıq ki, əllərindən gələni edib, “İnter”i yaşadacaqlar. Bizim də üzərimizə düşən yük ondan ibarətdi ki, komandanı ilk pillələrdə saxlayaq. Biz bunun üçün çalışırıq, vuruşuruq, əlimizdən gələni edirik. Sözün açığı, söz veriblər ki, maaşlar bu yaxınlarda olacaq. Vallah, bizim işimiz çox qəlizdədir. Uzun müddətdi “İnter”də oynayıram və artıq neçənci dəfədir ki, belə halla rastlaşırsam. İnanıram ki, yaxşı olacaq.

 

- Hər dəfə rəhbər dəyişiklikyi, hər dəfə maaş gecikməsi. Bu, sizi bezdirmir ki?

- Əlbəttə bezdirir, futbolçulara psixoloji cəhətdən təsir edir.Ümumiyyətlə, bütün bunlar komandanın psixologiyasını pozan amildir. Neyləyək? Biz o gücdə deyilik ki,nəyisə dəyişək. Sponsor olmayandan sonra futbolçu 1,2, 3 və 5 ay pulsuz-parasız oynaya bilər. Bunu da öz adına, öz hörmətinə görə edər. Ancaq hər bir futbolçunun ailəsi, problemləri var. Bu barədə düşünəndə bütün əsəblər pozulur. Ona görə də, deyiləsi sözüm yoxdur.  İşıq üzü görünür, AFFA  söz verib ki, hər şey yaxşı olacaq. Xeyirlisi Allahdan.

 

- Deyilənlərə görə, AFFA-nın baş katibi Elxan Məmmədov futbolçularla görüş keçirib. O,sizə komandanın gələcəyi haqda nələr dedi?

- Elxan müəllim kollektivlə görüş keçirib. Onun dediklərinə görə, klubu ən azından çempionatın sonuna qədər yaşadacaqlar. Yayda nə olacaq, nə olmayacaq, Allah bilir. Deyilənlərə görə, sponsor axtarırlar və hansısa işıq üzü görsənir. Biz də buna ümid edirik. 

Çingiz ABBASOV 

Son redaktə Bazar, 05 Fevral 2017