wrapper

Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunun XV turunda keçirilən "Səbail" - MOİK matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Futbol11.az xəbər verir ki, qarşılaşmadan sonra qələbə qazanan komandanın qapıçısı Emil Balayev əməkdaşımızın da suallarını cavablandırıb.

- Əvvəlcə oyun haqda fikirlərini bildirərdin...

- Oyun gərgin keçdi. İlk hissədə hesabı açmaq istəsək də, bu, alınmadı. MOİK yaxşı komandadı. Bizə qarşı yaxın oyun sərgilədilər. Ancaq ikinci 45 dəqiqədə komandamızın üzvləri əzmkar oyun nümayiş etdirdilər. Nəticədə 2:0 hesablı qələbə qazandıq.

- "Səbail"ə uyğunlaşa bilmisən?

- Komandaya ayın 14-də qoşulmuşam. Artıq "Səbail"ə uyğunlaşmışam. Təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirdik və həmin qarşılaşmalar mənim üçün uğurlu alındı. Kollektivimizdə də heç bir problem yoxdu.

- Sənin "Ayntraxt"dan gəlib, indi də "Səbail"də çıxış etməyin birmənalı qarşılanmadı. Özünü geriyə addım atmış kimi hiss etmirsən?

- "Qarabağ"da idim. Sonra məsləhət oldu ki, icarə əsasında "Səbail"də çıxış edim. Keçmişə nəzər salsaq, "Araz Naxçıvan"dan "Neftçi"yə qayıtmış, sonra da "Ayntraxt"a yollanmışdım. Futbolda belə şeylər olur. Ancaq mən bunu eniş hesab etmirəm. Mənim üçün böyük bir təcrübədi.

- "Səbail"in hədəfi Premyer Liqadı. Bu heyətlə elitada uğur qazanmaq olar, yoxsa başqa transferlərə də ehtiyac var?

- Bu haqda bir şey deyə bilmərəm. Bu, məşqçilərin işidi. Fikrimcə, burda tanıdığım uşaqlar əzmkardılar. Premyer Liqada bu uşaqlarla nəticə qazanmaq olar.

- Bəs, özün hazırkı komandanda qalmaq istəyirsən?

- Gələcək barədə fikirləşməmişəm. Hələ ki, bu komandanın uğurları üçün çalışacam. Bizim işimiz məşqlərdə özümüzü göstərməkdi. Qiymətləndirməni isə məşqçilər korpusu verir. Hər bir oyunçu oynayaraq artıra bilər. 

- Son olaraq məlum avtomobil qəzası ilə bağlı fikirlərini bildirməni istərdim. Deyilənə görə, zərərçəkən tərəf sizin tanışınız olub....

- Quhum deyəndə ki, bizə tanış bir ailə idi. İkitərəfli razılıq əsasında hər şeyi yoluna qoyduq. Zərərçəkən ailədə də şikayətçi olmadı.

ÇİNGİZ

Son redaktə Şənbə, 11 Fevral 2017