wrapper

Bu gün Klublar Komitəsinin 2017-ci ildə ilk iclası keçirilib. Futbol11.az xəbər verir ki, iclasda iştirak edən "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov toplantıdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Klub rəsmisi olduqca maraqlı fikirləri ilə yadda qalıb.

- Müzakirə ediləsi vacib məsələlər olsa da, gündəlikdə tamam əksini görürük...

- Sözün açığı, gündəliyə daxil edilən məsələlər Klublar Komitəsinin sədri və onun katibi tərəfindən qeydə alınır. Hansı klub istəsə, istənilən məsələni təklif edə bilir. Ola bilər ki, bu gün müzakirəyə az məsələlər çıxarılmışdı. Ancaq hesab edirəm ki, bunlar da vacib məsələlərdi. Bu, bir neçə il əvvəl də "Neftçi" tərəfindən müzakirəyə çıxarılmışdı. Ancaq hansı səbəbdənsə qəbul olunmamışdı. Biz yenə də PFL və aidiyyatı qurumlara müraciət etmişik ki, əvəzedicilərin oyunu bir gün sonra keçirilsin.

- "Qəbələ"ni narahat edən məsələlərdən biri də Premyer Liqada mübarizə aparan 4 komandanın ev oyunlarını süni örtüklü meydançada oynamasıdı... 

- Keçən il Klublar Komitəsi tərəfindən təklif olunmuşdu ki, bu məsələ gündəmə gətirilsin. Aidiyyatı qurumları da günahlandırmıram. AFFA onlara yalnız dəstək ola bilər. Sizinlə tam razıyam ki, meydançalar bərbad gündədi. Gəncə şəhər arenasının qazonu ucqar kənd stadionun meydançasından da betərdi. Orda ümumiyyətlə futbol oynanılmaz. Bunu ona görə demirəm ki, bizim qarşıda "Kəpəz"lə sözügedən stadionda oyunumuz var. Biz oynayacağıq. Amma ən azından ən yaxın vaxtda orda oyunların keçirilməsi dayandırılmalııdır. Gəncəli azarkeşlərə böyük hörmətim var. Azərbaycanda demək olar əsas klub azarkeşlərindən biri, bəlkə də birincisidir. Onları futbolsuz qoymaq olmaz. Ancaq dayandırmaq lazımdır ki, onlar da aidiyyatı yerlədən stadiona əl gəzdirilməsini tələb etsinlər. Klub olaraq biz də hansısa dəstəyi verə bilərik. Bilirsiz bizdə belə mütəxəssislər var. Onların gəlməyinə kömək edə bilərəm ki, o cür yerdə meydança olsun. Meydança olmayan yerdə, futbol olmaz. "Zirə", AZAL-ın meydançası çox bərbad gündədi. İnkişaf bundan başlayır.

- "Qarabağ"la oyununuzun əcnəbi hakim tərəfindən idarə edilməsini istəyirsiz? Fikriniz varsa, federasiyaya müraciət etmisizmi?

- 2010-cu ildən "Qəbələ" iddialı olmağa başlayıb. Həmin gündən haqsızlıq olanda məsələni qabartmışam. Hakimlik məsələsinə gəlincə, hamı bilir ki, əcnəbi mütəxəssislər dəvət olunmalıdı. Bu məsələ gündəmə gələndə, utanmışam deməyə ki, əcnəbi mütəxəssis dəvət olunsun. Xaricdən mütəxəssis gətirməyi istəməklə demək istəyir ki, bizim millətdə ədaləti qoruya bilən adam yoxdu. Ədalətli adam çatışmazlığı var. Bir azərbaycanlı kimi bunu deməyə utanıram. O adamlar utansın ki, bu imici formalaşdırıblar. Məcbur edirlər ki, biz bu haqda düşünək. Düşünməyə məcbur edirlərsə, qoy utansınlar. Mən də hər oyunda ədalətin olmasının tərədarıyam. Amma söhbət təkcə "Qəbələ" - "Qarabağ" oyunundan getmir. Gələn oyun ədalətli ola bilər. Ondan sonrakı oyunlarda da eyni şeylər baş verir. "Neftçi" ilə oyunda ofsayddan qol vurduq. Açıq-aşkar deyirəm ki, bzi bunu istəmirik. Ondansa, Fariz Yusifov Ruslan Abışovun ikinci sarısını verərdi. Bu, ədalətli olardı. Nə "Neftçi" inciyərdi, nə də bir narazı qalardıq. 10 nəfərə qarşı udardıq, ya uduzardıq, bu, artıq öz işimizdi. Və yaxud "Zirə" ilə axırıncı oyunda... Yan xətt hakimi Zeynal Zeynalov dəfələrlə bizim oyunlarda qərəzli qərarlar verib. "Qəbələ" - "Qarabağ" oyununda Rəşad Sadiqova "qırmızı" verdirdi. Onun yan xətt hakimi olduğu oyunlarda qapımıza ofsayddan qollar vurulub. "Zirə" ilə oyunda da ofsaydan qapımıza qolu verdi, həm də Rasim Ramaldanovun ikinci "sarı"sını. 

- Bütün klublar hakimlərin səhv etməsini istəmir. Bəs, bunlar nədən qaynaqlanır?

- Bunun səbəbəini hansısa sübutlarla bilsəydim, açıq-aşkar ortaya qoyardım. Məsələyə birmənalı yanaşmaq olmur ki, nədən qaynaqlanır. Hər halda bu məsələ baş verir. Klublar Komitəsində açıq şəkildə bunu bildirdim. Baxmayaraq ki, onların bəziləri AFFA-nın işçiləridir. AFFA tərəfindən klublar idarə olunur. AFFA-nı da başa düşürəm, klublar ortada qalmamalıdır, arxa durublar. Onlar olmasa, futbolumuz da olmaz. Amma hər şeyin son nöqtəsi var. Mən klubların rəhbərlərinə müraciət etdim ki, haqqı deməyə bilərsiz. Amma haqsızlıqı ört-basdır edənə salam verməyəcəm. 

- Keçən iclasların birində məsələ müzakirə olunmuşdu ki, Hakimlər Komitəsinin sədri vəzifəsinə əcnəbi mütəxəssis dəvət olunsun. Bu məsələ gündəmdə qalır?

- Mənə elə gəlir ki, hakimliyi həddən artıq müzakirə edirik. Klub olaraq bu barədə danışmağımız düzgün deyil. Amma bir şeyi deyə bilərəm ki, məsələ o vaxt pik həddə çatır ki, hamının qərəz kimi gördüyü bir epizodla bağlı Hakimlər Komitəsinin rəhbəri, ona yaxın adamlar, hakim-inspektorlar tam əksini deyirlər. Eyni səhvi biz bir neçə əcnəbi mütəxəssisə göndərdik. "Qarabağ"la oyunda baş verən epizoda heç kim "penalti" demədi. 

- Belə bir fikir gəzir ki, “Qəbələ” çempion olmasa, büdcəsi azalacaq və klub rəsmiləri bu səbəbdən hakim səhvlərindən geniş danışırlar. Bu nə dərəcədə doğrudu?

- Biz ardıcıl iki mövsümdü Avroliqada uğurlu çıxış edirik. Klub prezidenti Tale Heydərov da, mən də deyirik ki, bizim ən birinci vəzifəmiz ölkəmizi xaricdə uğurlu təmsil etməkdi. Ölkə çempionu olmaya bilərik. İstər zəif olaq, istərsə də kənar amillər təsir etsin. Biz ölkəmizi xaricdə uğurlu təmsil etməyə çalışırıq. Amma siz deyən məsələ barədə bir söhbət olmayıb, klub prezidenti də belə bir söz deməyib.

Son redaktə Çərşənbə, 15 Fevral 2017