wrapper

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Futbol11.az saytına müsahibəsi.

- Ramin Musayev "Qəbələ" - "Qarabağ" matçından öncə əsgərlərini döyüşə hazır vəziyyətə gətiribmi?

- Qarabağ uğrunda döyüşü nəzərdə tutsaydınız, düşünmədən qısaca “hə” cavabı verərdim. Amma siz liderlərin oyunu barədə sual verirsinizsə, onu deyə bilərəm ki, biz hər zaman hər bir oyunun təşkilinə hazırıq. Biz  bunu çalışdığımız 8 il müddətində dəfələrlə sübut etmişik. Odur ki, təcrübəmiz bu oyunu yüksək səviyyədə təşkil etmək üçün yetərlidir. Yəni, biz hazır vəziyyətdəyik, heç bir problem yoxdur.

- Sizi ən çox 19 fevral düşündürür, yoxsa oyunun bir gün sonrası? Nəzərə alaq ki, matçda baş verəcək hakim səhvi yenə böyük söz-səhbətlərə səbəb olacaq...

- Biz oyunlar arasında hər hansı bir fərq qoymuruq. “Qəbələ” – “Qarabağ” görüşü bizim üçün adi təqvim oyunudur, şişirtməyək. Biz isə çempionatı təşkil edən qurumuq. Oyun gününü də düşünürük, oyundan bir gün sonranı da, bütün təqvimi də. Bizim üçün Premyer Liqanın turu ayın 18-də başlanır. Hətta bugündən artıq biz Divizionun XVI turuna start vermişik və bütün təşkilati işlərə nəzarət edirik.

- Nədənsə, oyundan öncə Xaqani Məmmədovu çıxmaq şərti ilə heç kim hakimlər barədə nikbin düşünmür. Hakim səhvlərinin olacağı ehtimalı daha yüksək qiymətləndirilir. Sizcə, bu, nədən irəli gəlir?

- Gəlin ehtimallardan yox, real məsələlərdən danışaq. Çox təəssüf ki, son vaxtlar ölkəmizi Avropada layiqincə təmsil edən komandaların oyunundan öncə belə suallar verilir. Hər iki komandamız son vaxtlar çox gözəl futbol sərgiləyir. Məncə, siz hakim səhv edəcəyinə dair ehtimallar irəli sürməkdənsə , daha çox gözəl oyun arzulayın. Mən hakimi də, sizi də futbolumuzun tərkib hissəsi sayıram. Gəlin bir-birimizə dəstək olmaqla futbol naminə mübarizə aparaq. Hakim də insandır, oyunlardan öncə onları psixoloji gərginliyə salmaq olmaz. Çünki psixoloji gərginlik hakimin işinə mənfi təsir göstərə bilər.     

- Hakim səhvlərinin çox olduğu durumda niyə əcnəbi hakimin dəvət edilməsinə müsbət yanaşmırsız? Ümumiyyətlə, hər iki klub bununla sizə şifahi və ya yazılı müraciət edibmi? Əcnəbi hakim dəvət olunsa, nə itirib, nə qazanarıq?

Bu suala detallı cavab verəcəyəm.

1. Bizdə FİFA dərəcəli və artıq çox sayda beynəlxalq oyun idarə etmiş hakimlər var. Əcnəbi hakim dəvət etmək yerli idarəçilərə qarşı inamsızlıq nümayiş etdirməklə yanaşı, eyni zamanda onların inkişafına da mənfi təsir göstərməkdir.

2. Şablon səslənsə də, hakimlik təkcə bizdə yox, bütün liqalarda ən çox müzakirə olunan məsələdir. Hər hansı bir federasiyadan hakim çağırılsa belə, onlar bizə ən yaxşı hakimlərini göndərməzlər. Çünki hər liqanın öz vacib qarşılaşmaları var və öz hakimlərini bu oyunlar üçün saxlayırlar. 

3. Əcnənəbi hakimin dəvət olunması əlavə xərcdir. Onun yol, otel, qida xərcləri və oyun üçün alacağı qonarar bura daxildir. 

4. Gələn hakimin oyunu hansı səviyyədə idarə edəcəyinə, səhv edib-etməyəcəyinə heç kim təminat verə bilməz. Eyni zamanda, gələn hakim oyuna görə heç bir məsuliyyət daşımır və ciddi səhv etdiyi təqdirdə bizim onu hər hansı bir sanksiya ilə cəzalandırmaq imkanımız yoxdur. 

5. Əcnəbi hakimlərin Antalyada çıxardığı hoqqaları öz gözümlə görmüşəm. Heç kim zəmanət verə bilməz ki, Antalyada çıxarılan oyunlar əcnəbi hakimlərin simasında bizim çempionatda görməyəcəyik. Çünki heç bir məsuliyyəti olmayan hakimin bizim çempionat oyununu xarici bukmeyker kontorlarına  qoymayacağına heç nə mane olmur. Onun federasiyamız, Hakimlər Komitəsi  qarşısında heç bir məsuliyyəti yoxdur. Hətta dünyanın ən şəffaf çempionatlarından biri olan Bundesliqada hakim oyuna pul qoyuluşuna görə cəzalandırılırsa, bu artıq sözün bitdiyi andır.   

6. Əcnəbi hakim dəvət olunması ancaq gələcəkdə 1 halda ola bilər. Detallı müzakirədən sonra  gələcəkdə alınarsa, hər hansı bir liqa ilə hakim mübadisləsi edə bilərik. Biz hakim dəvət edəcəyimiz təqdirdə, əməkdaşlıq edəcəyimiz liqa da bizim hakimlərə güvənəcək. Indiki halda əcnəbi hakimin dəvət olunması gündəmdə deyil. 

Futbol11.az

Son redaktə Çərşənbə, 15 Fevral 2017