wrapper

Topaz Premyer Liqasının XX turunda "İnter" səfərdə "Qarabağ"ı məğlub edib - 0:1. Futbol11.az xəbər verir ki, oyundan sonra "İnter"in hücumçusu Rauf Əliyev əməkdaşımızın suallarını cavablandırıb: 

“Azərbaycanın ən yaxşı klublarından birinə qarşı oynayırdıq. Qazandığımız qələbə bizim üçün çox böyük nəticədir. Şükürlər olsun ki, bu mövsüm “Qarabağ”a qarşı keçirdiyimiz bütün oyunlarda xal qazanmışıq. Belə deyək, “Qarabağ”la oyunlara çox diqqətli yanaşırıq. Bu gün çox diqqətli olduq və qolu da vurduq. Əsas 3 xal idi ki, onu da qazana bildik”.

- Ümumiyyətlə, “Qarabağa”dan belə zəif oyun gözləyirdiniz?

- “Qarabağ” bütün oyunu hücumda oynadı və fərqlənmək üçün imkanları oldu. Bayaq dediyim kimi, belə oynayacaqlarını gözləyirdik. Bizim 3 xal qazanmağımızda əsas pay sahibi müdafiəçilərimiz oldular. Onlar bu gün çox dəqiq və yaxşı futbol sərgilədilər.

- Belə bir söz-söhbət yaranmışdı ki, futbolçular maaş ala bilmədikləri üçün “Qarabağ”la oyuna çıxmaq istəmirlər. Bu, nə dərəcə realdır?

- Bəzi xırda problemlər var. Bizə söz verilib ki, maaşlar olacaq. Sadəcə, bəzi gecikmələr var. Hamıda bəzi problemlər olduğu üçün gecikmələr bizi narahat edirdi. Amma komandaya söz verilib ki, hər şey yaxşı olacaq.

- “Qarabağ” üzərindəki qələbə maliyyə məsələlərində komandaya kömək edə biləcək?

-O məsələnin qələbəyə heç bir aidiyyatı yoxdur. Bu qələbə bizim üçün tam başqadır. Bu, çox şeyin əvvəlinə gəlir. “Qarabağ”a qalib gəlmək bizim üçün tam başqa bir hissdir.

- Yeni rəhbərlik komandanın qarşısına hansı məqsəd qoyub?

- Hamının bildiyi kimi, komandaya yaya qədər baxılacaq. Heç bir problem olmayacaq. Komandanın dağılmayacağı ilə bağlı bizə məlumat da veriblər. Çünki “İnter” kimi klubu dağıdıb, yeni bir klub yaratmaq düzgün deyil. Komandamızda hər şey hazırdı, bir az maddi tərəfdən kömək olsa, problem qalmayacaq.

- Stabil oynayırsınız. Bu qələbədən sonra liderlərə bir qədər də yaxınlaşdınız. Komandanın çempion olmağı və ya Avrokuboklaa vəsiqə qazanmağı qarşınızda hansı perpektivləri aça bilər?

- Çempionat  başlayanadan fikrimiz Avrokuboklara vəsiqə qazanmaq olub. Çempionluq barədə heç vaxt fikirləşməmişik, çünki çətin görsənir. Vallah, biz özümüz də bilmirik ki, necə olacaq. Deyiblər ki, komandaya yaşayacaq. Əgər komanda yaşasa və biz də Avrokuboklara vəsiqə qazansaq, əlimizdən gələni edəcəyik.

- Rauf, bu dəqiqə ən yaxşı formadasan. Daha güclü klublardan təklif gözləyirsənmi? Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda hücumçu problemi də var...

- “İnter” yaşayacaqsa, burda qalmağı üstün tutacam. Çünki  burda mənə rahatdı, şükürlər olsun ki, oyunum da alınır. “Qaabağ”dan sonra “Bakı”da da yaxşı oynadım, sonra bəzi problemlər oldu. İndi də “İnter”də yaxşı formadayam,amma problemlər var. İstəyirəm ki, “İnter” yaşasın və mən də karyeramı burda davam etdirim.

- “Bakı”, “Xəzər Lənkəran” və “İnter”də maliyyə problemləri görmüş futbolçusan. Hərdən bu barədə düşünürsənmi?

- Qismətdi. Biz getdik, o klublar dağıldı (gülür). Bəzən Əfranla öz aramızda zarafat edirik ki, hara getdik, o komanda dağıldı. İnşallah bundan sonra yaxşı olar.

- Komanda yoldaşın Nizami Hacıyevin milliyə dəvət almamasına münasibətin necədir?

- İstəyərdim ki, Nizami milliyə dəvət alsın. O, komandamız üçün əlindən gələni edir. Onu da dəvət edib, yoxlamaq lazımdır.

- Riçard Almeyda milliyə necə xeyir verə bilər?

- Mən həmişə istəmişəm ki, millidə sırf azərbaycanlı futbolçular oynasın. İndi belə qərar qəbul olunubsa, belə də olmalıdır. Bizim bu haqda danışmağa haqqımız yoxdur.

- Maraqlıdır, Robert Prosineçkinin fəlsəfəsi necədir ki, orda Nizamiyə yer yoxdur...

-Hər məşqçinin öz qərarı var. Məsələn, Mourinyo “Mançestet Yunayted”in əsas hücumçusu Ueyn Runini ehtiyata atıb. Bu gün Prosineçki belə qərar veribsə, heç kim ona heç nə deyə bilməz. Amma istəyərdim ki, Nizamini yoxlasın.  

 

 

Son redaktə Çərşənbə axşamı, 28 Fevral 2017