wrapper

Futbol üzrə Azərbaycan millisinin Qətərlə yığması ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb. Futbol11.az xəbər verir ki, seçməmizin baş məşqçisi Rober Prosineçkinin dəvət göndərdiyi futbolçular arasnda "Qəbələ"nin yarımmüdafiəçi Cavid Hüseynov da var.

Saytımıza müsahibə verən təcrübəli futbolçu yenidən yığmaya dəvət almasınına fikir bildirməklə yanaşı, bir sıra məsələlərlə bağlı suallarımızı cavablandırıb.

- Əvvəlcə yenidən milliyə dəvət almanla bağlı fikirlərini bilmək maraqlı olardı...

- Hər zaman millidə çıxış etmək istəmişəm. Bu, mənim üçün şərəfdi. Bilirdim ki, yenidən milliyə dəvət almam üçün müəyyən bir vaxt lazımdı. İndi də formamı bərpa etmişəm. İnanıram ki, bundan sonra yığmada da yaxşı çıxış edəcəm.

- İndiki durumda start heyətdə oynamağa hazırsan?

- Hazıram, özümü start heyətində görürəm. Mənim mövqeyimdə çox güclü futbolçuların olmasına baxmayaraq, rəqabətdən çəkinmirəm. Komanda yoldaşlarımın hamısı yaxşı formadadı. Əvvəlki oyunlarda iştirak etməsəm də, millinin çıxışını izləmişəm. Bu gün bizim uğur qazanmaq üçün şansımız, potensialımız var. Yaxşı nəticələr əldə edib, zəfər qazana bilərik. 

- Riçard Almeydanın milliyə dəvət edilməsinə münasibətin necədi?

- O, illərdi gözümün qarşısındadı. Çox güclü futbolçudu. Millimizə faydası olacaq. Daima stabil çıxışı ilə yadda qalıb. Ona uğurlar arzulayıram.

- Milliyə ilk dəfə dəvət alanlar sırasında gənc futbolçunuz Tellur Mütəllimov da var. Kapitan kimi onun potensialını necə görürsən?

- Tellur həqiqətən də həm futbolçu, həm də insan kimi çox yaxşı biridi. Onun da perespektivi var. Belə gəncləri milliyə dəvət edib, yollarını açmaq lazımdı. Prosineçki sağ olsun ki, ona bu şansı tanıyıb. 

- Son günlərdə ən çox müzakirə edilən məsələrdən biri də İntizam Komitəsinin "Qəbələ"yə qarşı tətbiq etdiyi cəzalardı. Kapitanın da bu məsələ ilə bağlı fikirlərini bilmək maraqlı olardı...

- Buna necə fikir bildirmək olar? Düzü, nə deyəcəyimi bilmirəm. Deyiləsi söz yoxdu. Nəyə görə belə hadisələrin baş verdiyini anlamıram. Çox məyus oluruq.

- Qərəz olduğunu düşünmürsən?

- Tamam dəqiqliyi ilə heç nə deyə bilmirəm. Bilmirəm, qərəzdən irəli gəlir, yoxsa... Sadəcə, sözüm yoxdu. Amma çox üzücü qərarlardı. "Qəbələ" bu gün Azərbaycanın iki ən böyük klubundan biridir. Hansı ki, avrokuboklarda ölkəmizi layiqincə təmsil edə bilir. Bizə qarşı belə qərarlar qəbul etmələrinin nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Bilmirəm, bu sabahsı gün Azərbaycan futboluna nə dərəcədə fayda verəcək. Psixoloji olaraq bizə də mənfi təsir edir. Dünən xəbərləri oxuyanda şoka düşdüm. Dedim, belə şey olar? Hamı da gördü ki, Nika Kvekveskiriyə sarı vərəqə vermək əvəzinə, "qırmızı" verdi. Şillə vurduğu üçün Nicat Qurbanova "qırmızı" düşürdü. Zərbənin təsiri var da. Bunu hakimlər də televiziya verilişində çıxış edəndə deyirlər. Nika zərbə vurmamışdı, sadəcə, itələmişdi. 

- Qarşıda 8 tur var və "Qarabağ"dan 1 xal öndəsiz. Şansları necə dəyərləndirən?

- Düzdü, qarşıda hələ çox tur var. Biz çalışacağıq ki, üstünlüyümüzü sona qədər qoruyaq. Hər oyuna nəticə üçün çıxacağıq.

- Əliyar Ağayevin "Zirə" ilə oyundan sonra "Kəpəz"lə matçda da verdiyi qərarlar siz tərəfdən etirazla qarşılandı. Bundan sonra Ağayevin sizin oyuna təyinat alsa, bunu necə qarşılayacaqsız?

- Biz də oturub fikirləşirik. Biz də insanıq. Meydançaya çıxanda heç kimə qarşı qərəz nümayiş etdirmirik. Sadəcə, son zamanlar əlehimizə elə qərarlar olur ki, insan istər-istəməz qıcıqlanır. Hakimin kim olmasının fərqi yoxdu. Sadəcə, biz ədalətli olmalarının tərəfdarıyıq. Qərar verəndə düşünmək lazımdı. Gələcəyi görmək lazımdı. Bunun sabahı da var axı. Belə qərarlar komandaların sponsorlarına, iş adamlarının fikirlərinə təsir edə bilər. Bunu da düşünmək lazımdı. Düşünüb qərar vermək lazımdı. 

- Növbəti turda "İnter"lə qarşılaşacaqsız...

- Çox çətin oyun olacaq. Hər iki komanda yaxşı formadadı. Maraqlı oyun olacağını düşünürəm. Belə oyunlar futbolumuzun inkişafına müsbət təsir edəcək. 

EMİN SƏFƏROV