wrapper

Topaz Premyer Liqasının XXII turu çərçivəsində keçirilən "İnter" - "Sumqayıt" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Futbol11.az xəbər verir ki, qarşılaşmadan sonra "kimyaçılar"ın müdafiəçisi Rail Məlikov jurnalistlərin suallarını cavablandırıb.

- Ardıcıl 3-cü oyunda məğlub olmağınızı necə şərh edərdiz?

- Çox ciddi problemlərimiz var. Problemləri özümüzə aid edirəm. Yəqin ki, çox rahatlaşmışıq. İstəyirik ki, bu uğursuzluqları “Kəpəz”lə oyunda son qoyaq. Tam ciddi hazırlaşmalıyıq.

- Ardıcıl məğlubiyyətləri müzakirə edirsiz?

- Əlbəttə, müzakirə edirik. Öz səhvlərimizdi. Qol buraxandan sonra hesabı bərabərləşdirə bilmədik. Bir qol lazım idi ki, geridönüş edək.

- Buraxılan qolda müdafiənin səhvi nə dərəcədir?

- Tək müdafiə xətti uduzmur. Bütün komanda uduzub.

- 90 dəqiqə ərzində kombinasiyalı hücum təşkil edə bilmədiz. Kənardan da hiss olunur ki, Samir Abasov qışqıranda futbolçular özlərini itirir. Bu oyunda Xəyal Nəcəfov da özünü itirdi...

-    Düzgün məşq prosesləri keçirik. Məşqçilər korpusu oyunları düzgün təhlil edir. Xəyal bunu təcrübəsizlikdən edib. Samir Abasov özü də bilir ki, hansı oyunçuya təzyiq edilməlidi. Məşqçilərlə problemimiz yoxdu.

- Klub prezidenti Kamran Quliyev bildirdi ki, ardıcıl məğlubiyyətlərə görə, cəza olacaq. Bu, maddi baxımdan cəza olsa, razılaşarsız?

- Uduzanda komanda şəklində uduzuruq. Kamran müəllimin özündən soruşarsız ki, kimi cəzalandıracaq.

-  Əsas ümidinizi “Kəpəz”lə oyuna bağlamısız. Onlar da ümidini sizinlə oyuna saxlayıb. Çünki Gəncə təmsilçisi bu gün qalib gəlib və “Sumqayıt”la xal fərqini azaltmağa çalışacaq.

- Çox gözəl. Baxımlı oyun şahidlik edəcəyik. Kim güclü olsa, qalib gələcək.

-  Avropa Liqası söz-söhbəti düşəndən sonra “Sumqayıt” uduzmağa başladı. Bu, oyunçuların fikirlərini yayındırmırdı?

- Bir az məsuliyyətlə yanaşmaq lazımdır. Yaşlı nəsil kimi, görüb gəlmişik. İkiqat həvəslə yanaşmaq lazımdı. Bunu etsələr, həyəcanı yaşaya bilərlər.

 

Son redaktə Bazar ertəsi, 13 Mart 2017