wrapper

 DÇ-2018-in seçmə mərhələsində millimiz öz meydanında Almaniya yığmasına məğlub olub -1:4. Futbol11.az xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

O, öncə matçhaqda fikirlərini bildirib: “Azarkeşlərimiz komandaya böyük dəstək oldular. Oyun zamanı stadionda yüksək atmosfer var idi. Gələn azarkeşlərə milli komandanın adından təşəkkür etmək istəyirəm. Oyuna gəlincə, əsas odur ki, dünya çempionlarına qarşı cəsarətli futbol sərgilədik. Hücum futbolu oynadıq, 11 nəfərlər arxaya çəkilmədik və qol sevinci yaşadıq”.

- AFFA prezidenti Rövnəq Abdullayev adətən bütün oyunlara gəlsə də, onu bu gün stadionda görmədik...

- Rövnəq müəllim burda idi, sonradan getdi. Gedişi məğlubiyyətə görə deyildi. Mən Rövnəq müəllimin adından komanda ilə görüşdüm və təşəkkürlərimi çatdırdım.

- Oyundan sonra millimizin sabiq baş məşqçisi Berti Foqtsla görüşünüz olmadı?

- Oyundan öncə görüşmüşdük. O, bizim oyunlarımızı izləyir və bildirdi ki, gözəl komandamız var. Ümumilikdə, fərdi futbolçulardan söhbət etdik, çünki bəzi futbolçularımızı tanımırdı. Şeydayev və Dəniz Yılmaz haqda məlumatı yox idi...Amma oyundan sonra Bərti Foqtsu görmədim.

- Berti Foqts sizə demədi ki, bu futbolçuları mənim vaxtımda da gətirə bilərdiniz...

- Yox, elə söhbət olmadı (gülür).

- Belə oyunla qrupda ikinci pilləni tutmaq olar?

- Təbii ki, uduzmaq yaxşı hal deyil. Amma biz dünya çempionuna qarşı oynamışıq və Almaniya millisinə seçmə mərhələdə ilk qolu vurduq. Düşünürəm ki, qol vurmamaqdansa, bu hesab daha yaxşıdır. Yəni, 1 qol vurmaq futbolçulara motivasiya verir və inam yaranır. Demək itəyirəm ki, “Niyə də yox?” kompaniyası hələ də aktualdır.

- Necə düşünürsünz, Şimali İrlandiya ilə oyun həlledici olacaq?

- Yox. Məncə, Norveçə qarşı oyun həlledicidir.

- Dünən Almaniya mətbuatı Renat Dadaşovun böyük pullar qarşılığında millimizi seçməsindən yazmışdı. Bu məsələyə necə şərh verə bilərsiniz?

- Əslində, bu xəbəri mənə keçən ilin dekabr ayında göndərmişdilər. Keçmişdə də Almaniya mətbuatında belə bir xəbər çıxmışdı. Sadəcə, gülməli xəbərdir. Bu yaxınlarda bizim hesabatımız oldu, siz orda mənzil xərcləri görmüsünüz? (gülür).  Deyəsən Almaniya mətbuatı Renat Dadaşovun 16 yaşlılardan ibarət millimizdə oynamasını unudub. Məncə, Renat Azərbaycanı 3 amilə görə seçdi. Valideynlərinin milliyətinə, qardaşının bu komandada oynamasına və 18 yaşında birbaşa əsas milliyə dəvət aldığına görə.

- Elxan müəllim, bu məğlubiyyətə görə komandaya mükafat veriləcəkmi?

- Yox.

- Berti Foqts da Almaniya mətbuatına deyib ki, Azərbaycan millisində məğlubiyyətə görə də mükafat verilir...

- Yox, yadıma gəlmir. Heç belə bir söhbət olmayıb axı.

- Sizin adınızdan “facebook”da jurnalistlərə dostluq təklifi gəlir...

- Mənim sosial şəbəkədə heç bir hesabım yoxdur. Biz “facebook”a müraciət etmişik ki, o hesabı bağlasınlar.  

Son redaktə Bazar ertəsi, 27 Mart 2017