wrapper

Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “İnter”lə bərabərə qalan (0:0) “Qarabağ” qış fasiləsinə lider kimi gedəcəyini dəqiqləşdirdi. Oyundan sonra Ağdam klubunun futbolçusu Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırıb.

Futbol11.az sxəbər verir ki, yarımmüdafiəçi matç haqda bu fikirləri deyib: - Maraqlı oyun oldu. Baxmayaraq ki, həm qar yağırdı, həm də çox soyuq idi. Düzdü, qaçıb qızışırıq, amma yenə də donurduq. “İnter” də yaxşı komandadır, onlar da çempion olmaq istəyirlər. İlin son oyununda qələbə qazanmaq istəyirdik, şanslarımız da oldu.  

- Bu mövsüm niyə “İnter”ə qalib gələ bilmirsiniz?

- “İnter” zəif komanda deyil ki, biz onlara mütləq qalib gələk. Maraqlı komandadır, 5 müdafiəçi ilə oynayırlar. Çox ağıllı sistemləri var. Qalib gələ bilərdik, imkanlarımız oldu, amma top qapıya girmədi. 2-3 dəfə top boş qapıdan çıxdı, son dəqiqlərdə Reynaldonun da fərqlənmək şansı oldu. Futboldur, belə şeylər olur. Unutmaq lazımdır.

- Oyundankənar epizodla bağlı nə deyə bilərsiniz?

- Hakimdir, nə deyirsə, odur. Mən heç vaxt hakimlərlə danışmıram. Səhv də desə, düzdür, düzdə desə, düzdür. Qərarını verib. Oyundankənar olmasaydı da, heç nə deyən deyildim.

- Qış fasiləsində “Qarabağ”a yeni futbolçunun gəlməsinə ehtiyac varmı?

- Bu mənə aid sual deyil. Belə baxanda komandada hər şey qaydasındadır. Qışda oyunçu tapmaq da çətindir. Son qərarı baş məşqçi verir.

- “Fiorentina” ilə oyun yavaş-yavaş yaddan çıxır?

- Düzünü desəm, unutmaq ağırdır. Çempionata köklənmək bir az çətin olur. Doğrudan da çox böyük şans idi. Baş məşqçimiz demişkən, hər bir şey təcrübədir. Çox böyük futbolçular var, çox böyük oyunlar olur. Başqa variant yoxdur, ağlımızdan çıxarmalıyıq.

- 2016-cı ili özünüz üçün necə dəyərləndirirsiniz?

- Baş məşqçi nə tapşırıq veribsə, onu yerinə yetirməyə çalışmışam. Pis-yaxşı, əsas odur ki, komandam üçün xeyrim olsun.

- “Beşiktaş”la oyun “Qarabağ”a nə verə bilər?

- Nə bilim vallah, “Beşiktaş”la əməkdaşlıq faydalı olar. Düzünü deyim ki, həmin oyun barədə o qədər də məlumatlı deyiləm. Mən futbolçuyam. Deyəcəklər ki, çıxıb “Beşiktaş”la oynayın, biz də oynayacağıq.  Pis çıxmasın, Avropa Liqasında “Beşiktaş”dan da artıq komanda ilə oynamışıq. 

Futbol11.az

Son redaktə Şənbə, 17 Dekabr 2016