wrapper

Topaz Premyer Liqasının XXV turunda baş tutan "Zirə" - "İnter" oyunu 1-1 hesablı bərabərliklə başa çatıb. Futbol11.az xəbər verir ki, matçdan sonra "İnter"in futbolçusu Səlahət Ağayev əməkdaşımızın suallarını cavablandırıb:

"Ziyə qarşı oyunlarımız çətin olur, xüsusən də səfərdə. Bu gün bizim üçün vacib olan xalı qazandıq, bürünc medalı təmin etdik".

-Bürünc medal "İnter"ə yaraşır, yoxsa?
-Bu vəziyyətdə bürünc medal bizim üçün qızıla bərabərdir. "İnter"də olan problemləri özünüz də bilirsiniz. Futbolçular, məşqçilər korpusu sağ olsunlar ki, sona qədər mübarizə apardılar.

-Mövsüm demək olar ki, "İnter" üçün bitdi. Gələcək planlarınız necədir?
-Klubda hansısa yenilik yoxdur. Yayda bir neçə futbolçunun müqaviləsi başa çatır. Yeni müaavilə təklifi olmasa da, eşitdiyimə görə rəhbərlik futbolçuları saxlamaq istəyir.

-Futbolçular maaş almayıblar. Hansı əsasla sizinlə danışıq aparmaq istəyirlər?
-Vallah, bilmirəm. Mən aylardı canla-başla işləyənlərə təşəkkür edə bilərəm. Ailə kimi mübarizə apardıq, öz işimizi gördük. Bundan sonrası sponsordan, rəhbərlikdən asılıdır.

-Nizami Hacıyev daha öncə bildirmişdi ki, komanda üçüncü pilləni tutsa, yaşayacaq...
-Eşitməmişəm, yalan deyərəm.

-Ümumiyyətlə, "İnter"də qalmaq fikrin var?
-Belə olsa, çətin.

-Legioner həyatı yaşamaq fikrin var, yoxsa?
-Yox, yerli komandaların birinə keçərəm. Xaricdən təklif yoxdu, olsa da Türkiyədən olar.

- Bu gedişlə bütün komandalarda vəziyyət belə olacaq...
- Görək də. Hansısa komandaya gedərik də. Real danışsaq, xaricdən təklif yoxdur. Olsa da, Türkiyə I Liqasına gedincə, burada qalmaq daha münasibdir.

- Portuqaliya "Boavişta"sında qapıçı mövqeyi Kamran Ağayevin gedişindən sonra vakant qalıb...
- (gülür) Kamran hara getsə, mən də onun dalınca düşüm?

Son redaktə Bazar ertəsi, 10 Aprel 2017