wrapper

“Zirə”nin qapıçısı Kamal Bayramovun Futbol11.az saytına müsahibəsi:

- Sizin üçün “qızıl”a bərabər olan “Sumqayıt”la oyunda üstün tərəf olsanız da, hesabı meydan sahibləri açdı və son dəqiqələrdə bərabərlik qolunu vura bildiniz. Oyun haqda nə deyə bilərsən?

- Oyuna ciddi hazırlaşmışdıq. Matça baxanlar da gördülər ki, ilk hissədə demək olar ki, tam üstünlük bizdə oldu. İlk 45 dəqiqəni komanda olaraq hücumda keçirdik, qol epizodlarımız oldu və fərqlənə bilmədik. Bu, futbolun qayda-qanunudu ki, vurmayana vurarlar. İstər-istəməz, oyunun məsuliyyəti komandaya psixoloji cəhətdən təsir etmişdi. Bəlkə də tələsməsəydik istədiyimiz nəticəni əldə edə bilərdik. Ancaq 1 xal qazandıq və bu, mübarizəni davam etdirmək üçün bizə köməklik edəcək.

- “Sumqayıt”la oyunda qələbə qazanmaq üçün komandada nə çatışmadı?

- Hər şey qaydasında idi. Ərazi üstünlüyü, topa sahib olma bizim tərəfimizdə idi. Sadəcə, sonluq çatışmırdı. Ola bilsin ki, oyuna həddindən çox hazırlaşmağımız xal itkisinə səbəb oldu. Məncə, sonluğu gətirməyə bu amillər problem yaratdı.

- Avropa Liqasında vəsiqə uğrunda 4 komanda mübarizə aparır. Öz şanslarınızı necə görürsən?

- Avropa Liqasına mübarizə uğrunda “Kəpəz”, “Neftçi” və “Sumqayıt” da bizimlə mübarizə aparır. Biz hansısa komandanın məğlub olmasını gözləmirik və ya rəqibimizin uduzması üçün dua etmirik. Bütün fikrimiz qarşıdakı 2 oyuna yönəlib. O, oyunları qələbə ilə başa vursaq, Avropa Liqasına vəsiqə qazanacağıq. Bütün komanda qarşıdakı 2 oyunun bizim üçün finala bərabər olduğunu başa düşür. Həqiqətən bizim üçün böyük şans yaranıb və bu şansı əldən verməməyi düşünürük.

- Təqvimə baxanda görünür ki, “Zirə”nin Avropa Liqasına yollanmaq şansı daha çoxdur. Ümumiyyətlə, artıq məsələnin 90 faiz hazır olduğunu düşünmürsən?

- Yox, rəqiblərimizin də şansı var. Mübarizə aparan hər bir komandanın şansı var, ona görə də arxayınlaşmamalıyıq.

- Necə düşünürsən, “Zirə”nin Avropa Liqasında mübarizə aparmaq üçün gücü yetərlidirmi?

- Bilirsiniz ki, yeni komandayıq. 2 il ərzində gördüyümüz işlər komandada hər bir işin düzgün qurulduğunu sübut edir.  Avropa Liqasına vəsiqə qazansaq, inanıram ki, komanda yenidən gücləndiriləcək, yeni futbolçular cəlb olunacaq. Ümid edirəm ki, debüt ilimizdə Avropa Liqasında pis nəticə verməyəcəyik. Əsas oldur ki, avrokuboklara vəsiqə qazanaq. Qalan məsələlərlə baş məşqçimiz və rəhbərliyimiz məşğul olacaq.

- İndiki “Zirə” Avropa Liqasında neçə mərhələ keçə bilər?

- Bu, bizim püşkatmadan asılı olacaq.

- Komanda yoldaşınız Milan Duriç açıqlamasında bildirib ki, bu  mövsüm bir mərhələ keçə bilərik...

- Mən də belə düşünürəm. Komandamızda yüksək motivasiya var və mərhələ adlamaq gücündəyik. Düşünürəm ki, Avropa Liqasında vəsiqə qazansaq, klub rəhbərliyi komandaya bir neçə yeni futbolçu cəlb edəcək. Komandamızda bir neçə avrokubok təcrübəsi olan futbolçu olsa, daha da irəli gedə bilərik.

- “Zirə” mövsümün gedişindəki baş məşqçi dəyişikliyinən sonra yaxşı oyun sərgilədi. Bu dəyişiklikdən sonra nə baş verdi ki, belə uğurlu çıxış etdiniz?

 - Komanda olaraq çox şey itirmişdik. Uduzacağımız qədər uduzmuşduq, məğlubiyyətlərimiz çox olmuşdu və müəyyən qədər psixoloji durumdan aşağı düşmüşdük. Hamı dərk edirdi ki, bundan o tərəfə itirəcək bir şey yoxdur. Komanda şəkilində yığışdıq, yeni futbolçuların kolletivə köməyi oldu. Bütün bu irəliləyişlər kollektiv komandanın sayəsində baş verdi.

- Mövsümün sonunda müqavilən başa çatacaq. Yeni müqavilə ilə bağlı danışıqlara start verilib?

- Hələ ki, müqavilə ilə bağlı heç bir söhbətimiz olmayıb. Mövsüm başa çatdıqdan sonra yəqin ki, bu haqda danışıqlarımız olacaq. Hazırda fikrimizi qarşıdakı oyunlara yönəltmişik.  

- Bildiyimiz kimi, “Qarabağ” ötən gün mövsümün sonuna 2 tur qalmış çempionluğunu bayram etdi. Bu, sənin üçün sürpriz olmadı? Çünki bir neçə tur öncə “Qəbələ” “Qarabağ”dan 7 xal öndə idi...

- Futbolda hər şey istədiyin kimi alına bilməz. Səhv etmirəmsə, qış fasiləsinə yollananda 6-cı pillədə idik, bu gün isə 4-cü pillədə qərarlaşmışıq və rəqibimizi xal baxımından geridə qoymuşuq. Demək istəyirəm ki, futbolda hər şey ola bilər. “Qarabağ” da heyətdəki problemlərinə baxmayaraq, rəqibini üstələməyi bacardı. Məncə, “Qarabağ” layiqli olaraq çempion oldu. “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, Çempionlar Liqasında ölkəmizi layiqincə təbrik edə biləcəklər.

 - Son olaraq, “Turan Tovuz” haqda: Özün Tovuzdansan və uzun müddət oynadığın “Turan Tovuz” I divizionun çempionu oldu...

- Həqiqətən də “Turan Tovuz”un çempionluğuna çox sevinirəm. İnşallah Premyer Liqaya gələcəklər, onlara uğurlar arzu edirəm. Fikrimcə, “Turan Tovuz” çempionata xüsusi rəng qatacaq, bu, həmişə belə olub. Başda klub rəhbərliyi olmaqla, məşqilər korpusunu təbrik edirəm. Uğurda bütün futbolçuların, məşqçilərin əməyi var. Biz həmişə onlara dəstək vermişik, bütün oyunlarını izləmişik.

 

ÇİNGİZ ABASOV

Son redaktə Çərşənbə axşamı, 18 Aprel 2017