wrapper

Azərbaycan milli komandasının sabiq üzvü, hazırda AZAL-ın formasını geyinən Ruslan Əmircanov Futbol11.az saytına müsahibə verib.

- AZAL hazırda tarixinin ən pis günlərini yaşayır. Həm maddi durum baxımından, həm də turnir cədvəli baxımından vəziyyət həqiqətən də çox acınacaqlıdı. Bu duruma necə izah verə bilərsən?

- Vəziyyət bildiyiniz kimidir. Biz hazırda qarşıdakı iki oyunu düşünürük. Heç kimlə heç nə barədə söhbət olmayıb. Əlbəttə ki, hər bir oyunçunun istəyi oyunu qalib başa vurmaqdı. Bizim də məqsədimiz odur.


- Bir neçə istisna olmaqla ümumilikdə karyeran ərzində həmişə iddialı klubların formasını geyinmisən... “Neftçi”, “İnter”, “Karvan”, “Qəbələ”... Belə bir futbolçu üçün sonuncu yerdə gedən komandanın formasını geyinmək nə deməkdi?
- Düzgün qeyd etdiniz. Əlbəttə ki, xoş hal deyil. Belə durumda olmağı heç bir futbolçu istəməz. Bu təkcə mənim üçün yox, bütün AZAL üçün yaxşı durum sayılmır. Biz sonuncu yerdə olmağa layiq deyilik. Amma bəzən belə hallar da qaçılmaz olur. Qismət elə gətirib ki, indi sonuncu yerdəyik.


- Belə danışaq: Heyət normaldı, baş məşqçi Azərbaycan futbolunda çəkisi olan adamdı. Ola bilərmi ki,  madddi durumun aşağı olmasını futbolçulara mənfi təsir etsin?

- Maaş məsələsi belədir ki, bütün futbolçular hara, hansı məbləğə gəldiklərini bilirdilər. Bizə 5000 manat söz verib, axırda 500 manat verməyiblər. Deyək ki,  məhz buna görə nəticələr aşağıdı. Nə demişdilərsə onu da alırıq. Ona görə də maaşın aşağı olmağı nəsə bir şey deyil. Sadəcə, yaxşı heyətimiz var, amma qalib gələ bilmirik. Özümüz də bilmirik ki, bu nədir? Maddi durum çox aşağı olsa da, heyətdə oynayan Rəşad Abdullayevin, Ruslan Əmircanovun, Aqil Məmmədovumn, Nuqzar Kvirtiyanın, Tounkaranın göz önündə olan karyeraları var. Biz təkcə pula görə yox, öz ad sanımıza görə futbol oynayırıq. Sonuncu pillə bizə yaraşmır.

- Artıq 26 tur oynanılıb və siz cəmi 10 xal toplamısız. Çox ağır durumdu. Ümumiyyətlə hansı vəziyyətdə AZAL-da davam edə bilərsən?
- Komandanın durumu hazırda yaxşı deyil. Amma indiki məqamda əsas vəzifəmiz qarşıdakı iki oyunu yüksək səviyyədə keçirmək və imic üçün oynamaqdır.

- Son iki turda avrokuboklara getmək şansı qalan “Kəpəz” və “Zirə” ilə oynayacaqsız. Sənə elə gəlmir ki, həmin rəqiblər sizə 3 xal gözü ilə baxırlar?
- Biz hazırda sonuncu yerdə gedirik. Hamı bizə autsayder kimi  baxır. Amma rəqiblərimiz bilir ki, biz pis komanda deyilik. Sadəcə, bəxtimiz gətirmir. Biz çempionat ərzində sadəcə “Qarabağ” və “Neftçi”yə böyük hesabla uduzduğumuz görüşlərdə zəif oynamışıq. Digər oyunlarda başabaş mübarizə aparmışıq. Biz öz evində bütün rəqiblərə başağrısı olan “Kəpəz”dən xal almışıq. Qarşıdakı iki rəqibimiz “Kəpəz” və AZAL bilir ki bizə qarşı oyunlar asan olmayacaq.

 

Son redaktə Cümə, 21 Aprel 2017