wrapper

Çempionluğu təmin etməsinə və qızıl medallarına qovuşmasına baxmayaraq, “Neftçi” ilə oyunda da qələbə qazanan “Qarabağ”ın müdafiəçisi Maksim Medvedov oyundan sonra Futbol11.az saytının əməkdaşının suallarını da cavablandırıb.

- “Neftçi” ilə matçda “Qarabağ” üçün motivasiya nə idi?

- Çempion olub-olmamağımızdan asılı olmayaraq, yenə qələbə qazanmaq üçün meydana çıxmışdıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Tempi saxlamaq istəyirdik, çünki qarşıda ölkə kubokunun final oyununa çıxacağıq.

- Amma əvvəlki sürət, gərginlik hiss olunmurdu. 90 dəqiqənin tez başa çatmasını arzulamırdınız?

- Artıq hər iki komandanın çempionatdakı taleyi müəyyənləşib. Onlar Avropa Liqasına vəsiqə qazana bilməyib, biz çempion olmuşuq. Ola bilsin ki, süni oyun oldu. Amma biz öz sistemimizdən uzaq durmurduq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirirdik. Belə deyək, bu gün etmək istədiklərimizi etdik ki, “Qəbələ”yə qarşı oyunda çətinlik çəkməyək.

- Alındımı?

- Bəzi şeylər alındı. Amma gördüyünüz kimi, çatışmayan cəhətlər də var. Çempionatda sonuncu oyundu, bəlkə də özümüzü qoruyurduq ki, zədə almayaq. Olanımızı finalda göstərməyə çalışacağıq.

- Oyun zamanı rəqibin futbolçusu Daniel Seqovia ilə aranızda mübahisə baş verdi. Səbəb nə idi?

- Mənə qarşı çox kobud oynayırdı, çalışırdı vursun. “Tofiq Bəhramov”da oynadığımız kubok oyununda da belə olmuşdu. Topsuz olduğum vaxtda məni vurmağa çalışırdı. Bu oyunda da eyni epziod təkrarlandı, topu ötürdükdən sonra ayağıma zərbə vurdu. Nəyə görə belə etdiyini soruşduqda, futbol oynadığımızı və belə halların baş verə biləcəyini dedi. Mən də qaydalara zidd hərəkət etdiyini dedim və aramızda mübahisə düşdü. Dedim ki, bir-birimizi vurmayaq, bu, qaydalara ziddir.

- Adətən müdafiəçilər hücumçulara qarşı kobud oynayır. Bu oyunda isə fərqli oldu...

- Oyun ərzində hücumçuya göz açmağa imkan vermirsənsə, o, əsəbləşir, özünə nəzarəti itirir. Ona qarşı aqressiya yox idi. Əksinə, bunu ondan gördüm.

- “Neftçi”nin fan-klubları oyunu boykot etmişdilər. Özünüzü meydan sahibləri kimi hiss etmədiniz?

- Son zamanlar əksər oyunlarımızı evdəyik kimi oynayırıq. Çünki azarkeşlərimizin sayı artıb. Meydanda elə səs-küy yaradırlar ki, özümüzü doğma meydandakı kimi hiss edirik. Buna görə də özümüzü istənilən stadionda rahat hiss edirik.

- Necə düşünürsən, çempionluq kuboku Ağdama aparılmalıdır?

- Bu işlə rəhbərlik məşğul olur. Mən keçən il baş məşqçimizlə Ağdama getmişəm, kuboku aparmışdıq. Əlbəttə, yenə lazım olsa, gedəcəyik.

- Çempionatda “Qəbələ” ilə oyunlardakı ab-havanı kubokun finalında hiss edə biləcəksiniz? Nəzərə almaq lazımdır ki, final Naxçıvanda keçiriləcək...

- İki fərqli turnirdir. Hər şey başqa cür ola bilər. Maraqlı oyun da keçə bilər, maraqsız da.  Axırıncı oyundu, belə deyim, bütün futbolçular ailələrini düşünür. Artıq çantalarının üstündə oturublar ki, çıxıb getsinlər. Arzumuz “qızıl dubl” etməkdir. Naxçıvana gəlincə, heç vaxt orda oynamamışam. Buna görə necə olacağını bilmirik.   

Son redaktə Bazar, 30 Aprel 2017