wrapper

Ölkə kubokunun final oyununu izləyənlər arasında Azərbaycan Futzal Federasiyasının prezidenti, Bakının “İnter” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov da var idi. O, matç başa çatdıqdan sonra jurnalistlərin saullarını cavablandırıb: 

- Naxçıvanda ilk dəfə kubokun finalı keçirildi, necə təəssürat yaratdı?

- Çox gözəl, çox yaxşı atmosfer var idi. Yüksək səviyyədə təşkil olunmuşdu. Stadion dolu idi, naxçıvanlılar əsl futbol bayramı yaşadılar. Həmişəki kimi, hər şey əla idi, başqa cür ola da bilməzdi.

- Yeni klub rəhbəri kimi gələcək rəqiblərinizin oyunlarını necə dəyərləndirirsiniz?

- Bu gün burda AFFA İK nümayəndəsi kimi iştirak edirdim. Maraqlı matç idi. Nəticə də oyuna görə oldu. Qaldı ki, klub rəhbərliyinə, “İnter”də hər şeyə yenidən başlayacağıq. Mayın 25-dən təlim-məşq toplanışları başlayacaq. Bizim də arzumuz az vaxt qalmasına baxmayaraq, həm Avroliqada, həm də ölkə birinciliyində uğurlu çıxış etməkdir.

- Kluba sponsor tapıldımı? Ümidverici xəbərlər eşidilir qeyri-rəsmi də olsa...

- Gəlin bu işləri zamanın ixtiyarına buraxaq. Bizim hazırkı əsas işimiz komandanı qoruyub saxlamaq və əmək haqqları məsələlərini həll etməkdi. Daha sonra isə sponsor da olacaq, komanda da dağılmayacaq.

- Transfer qadağasının götürülməsi ilə bağlı UEFA-ya hansısa müraciət olunub?

- Məktub yollamışıq, onların qərarını gözləyirik. Ümid edirik ki, yaxşı olacaq.

- İK-nın üzvü kimi deyə bilərsinzmi ki, aşağı dəstədən Premyer Liqaya kimlər yüksələcək, bəllidimi?

- Hələ ki, bu barədə dəqiq bir məlumat yoxdu. Yaxın zamanda bəlli olacaq ki, kimlər və neçə komanda iştirak edəcək. İnanırıq ki, yeni mövsüm daha maraqlı və rəqabətli çempionat olacaq.

- “İnter”in avrokuboklardakı əsas məqsədi nə olacaq?

- Məlumdu ki, mən ora yeni təyin olunmuşam, cəmi bir həftədir. Bu, komanda haqqında danışmaq üçün çox az vaxtdı. Transfer qadağamız da var, ancaq əlimizdə olan materialla çalışacağıq ki, mümkün qədər uğurlu çıxış edək.

- Komanda keçən il bu heyətlə “Atletik” kimi komandanı Bakıya gətirə bilmişdi, indi sürpriz gözləmyə dəyərmi?

- İyuna az qalıb. Komanda toplansın, onda dəqiq biləcəyik. Məni də tanıyırsınız, ambisiyalarımı bilirsiniz, ona görə də əmin ola bilərsiniz ki, komanda bacardığını da, bacarmadığını da oynayacaq.

- Siz gələnə qədər bir çox oyunçuların adı başqa klublarla hallanırdı. Demək olar, artıq keçidlərin həll olunduğu deyilirdi...

- Oyunçuların 98%-i qalacaq. Avrokuboklarda Səlahət Ağayev də bizə kömək edəcək. Bu, tək “İnter”in deyil, bütün Azərbaycanın mübarizəsi olduğu üçün hamı əlindən gələni etməlidir.

Son redaktə Şənbə, 06 May 2017