wrapper

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan millimiz son dəqiqədə buraxdığı qolla 0:1 hesablı məğlubiyyətə üzüldü. Matçdan sonra yığmanın müdafiəçisi Maksim Medvedev futbol11.az saytının əməkdaşının da suallarını cavablandırıdı.

- Oyun haqda danışmaq çətin deyil?

- Təəssüf ki, məğlub olduq. Ümumi baxanda, yaxşı  oynadıq. Çalışırdıq ki, topu özümüzdə çox saxlayıb hücumlar quraq. Belfastadakı matça baxanda öz meydanımızda daha yaxşı oynadıq, qol imkanlarımız oldu. Üstünlük bizdə idi. Amma son dəqiqələrdə qol buraxmaq bizim üçün böyük zərbə oldu.

- Daha çox geriyə ötürmə edirdiniz. Bu baş məşqçinin tapşırığı idi, yoxsa hücum qurmaqda çətinlik çəkirdiniz?

- İrəli gedib topu onlara verməkdənsə, özümüzdə saxlayıb, oyuna nəzarət edirdik. Daha çox topla oynamaqla rəqibi əsəbləşdirirdik və onlar topun arxasınca qaçmaqdan yorulurdu. Bir-birilərinin üzərinə qışqırırdılar. Zaman-zaman hücumlar qururduq və pis alınmırdı.

- Rəqib üçün hansı sürprizləri hazırlamışdınız?

- Bu sualı baş məşqçimizə versəniz, yaxşı olar. Çünki o rəqib üçün sürpriz hazırladığını demişdi. Sürpriz o idi ki, bu gün rəqibdən üstün oynadıq. Qol imkanlarımız rəqibdən daha çox oldu. Yəqin ki, sürpriz bu idi.

- Komanda seçmə mərhələyə yaxşı başlamışdı. Hətta azarkeşlər də həvəslənmişdi. Ancaq bu məğlubiyyətdən sonra şanslarımız xeyli azaldı...

- Yox, şansımız azalsa da, hələ ümidimiz var. Qarşıda bizi oyunlar gözləyir. Əsas odur ki, öz oyunumuzu daha da yaxşılaşdıraq və qol imkanlarımızdan maksimum istifadə edək.

- İspaniyalı hakimin idarəçiliyindən razı qaldın?

- Hakim xırda epizodları saxlayırdı. Bu da bizim oyunçuların əsəbləşməsinə səbəb olurdu. Çünki rəqib hər xırda foulda topu qapı qarşısına qaldırırdı.

- Qol zamanı nə baş verdi?

- Heç nə, futbolçuları zərbə vurdu, qol oldu (gülür). Sona yaxın komandada yorğunluq özünü göstərməyə başlamışdı. İrəli xətdə onları sıxa bilmədik və rahatlıqla bizim cərimə meydançamıza doğru irəliləyə bildilər. Nəticədə qapımızda qol gördük.

Son redaktə Bazar, 11 İyun 2017