wrapper

Milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama matçında “Qəbələ” ilə qarşılaşıb. “Kimyaçılar”ın 3:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra sumqayıtlıların baş məşqçisi Samir Abasov futbol11.az saytının əməkdaşının suallarını cavablandırıb:

- Yoxlama matçı idi. İstəyirdik həftəlik oyun qrafikindən çıxmayaq. Millinin matçlarına görə yaranmış 2 həftəlik fasilədən səmərəli yararlanmaq istədik. “Qəbələ” rəhbərliyinə və rəqibin baş məşqçisi Roman Qriqroçuka təşəkkür edirəm ki, bizimlə matç keçirməyə razılaşdılar. Bunlar hədər sözlər deyil, çünki bildiyim qədəri ilə onların başqa planları var idi. Ölkə xaricində yoldaşlıq görüşü keçirməli idilər. Məlumatımın nə dərəcədə doğru olduğunu bilmirəm. Bizim üçün də yaxşı oyun alındı. Belə rəqiblərlə oynamaq hər zaman xeyrimizədi. Sabah istirahət günümüzdü. Daha sonra isə “Neftçi” ilə qarşılaşmaya hazırlaşacağıq.

- Bu cür fasilələrin komandaya xeyri var?

- Fasilədə 3 futbolçumuz 21 yaşlılardan ibarət yığmaya dəvət alıb və hamısı da əsas heyətimizin üzvləridi. İstərdim ki, onlar da bu gün bizimlə olsun. Yeganə məyusedici məqam odu ki, onlar millinin heyətində meydana çıxmırlar. Oyun qrafikindən kənara çıxırlar. Amma bu millidi bütün futbolçular oynamır. Fasilə müddətini səmərəli şəkildə keçirdik.

- Əsas milliyə oyunçu verə bilmədiyinizə görə narazı deyilsiniz?

- Narazı deyiləm. Hər il olduğu kimi bu dəfə də “Sumqayıt”da yeni futbolçular çoxdu. Cavid İmamverdiyev, Rəşad Eyyubov kimi oyunçularımız var. Ümid edirəm ki, milliyə dəvət alacaqlar. Üzərində çox işləməlidilər. Əvvəlki klublarında daimi oynamayıblar ki, yığmanın baş məşqçisinin diqqətini cəlb etsin. “Sumqayıt”da  belə şans var, çünki əsas heyətdə oynayırlar. Düzdü, burda da heç kim zəmanət vermir ki, onlar daim meydana çıxacaqlar. Amma özlərini yaxşı tərəfdən göstərsələr milliyə dəvət ala bilərlər. Ümidverici bir şey var ki, çox çalışırlar. İnanıram ki, məşqçilərin diqqətini cəlb edəcəklər.

- Premyer Liqada 3 oyuna 3 xal toplamısınız. Bu vəziyyət sizi narahat etmir?

- Çox narahat edir0. Amma mövsüm yeni başlayır. Tam səmimi deyirəm, bizə vaxt lazımdı. Yeni futbolçularmızdan tam istdəymizi ala bilmirik. İnanıram ki, zamanla bu futbolçulardan tam istədiyimizi ala biləcəyik. Bacarıqlı futbolçulardı, amma komanda şəklində bir az geri qalırıq.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Bakılıların da vəziyyəti tam ürəkaçan deyil.

- Yeni baş məşqçiləri var. Düzdü, müvəqqəti gətirilib. İnanıram ki, Elşad Əhmədov uzun müddət bu komandada qalacaq. Pro kateqoriyasını bir yerdə oxuyuruq. Necə deyərlər “odnoklassnik”ik. Yeni məşqçi gələndə ab-hava dəyişir, yaxşılığa doğru irəliləyiş olur. “Neftçi”nin güclü futbolçuları var, çətin olacaq. Amma evdə qarşılaşacağıq, əlimizdən gələni edəcəyik ki, uğur qazanaq.

 

Çingiz Abasov 

Son redaktə Çərşənbə axşamı, 05 Sentyabr 2017