wrapper

Azərbaycan Premyer Liqasının 4-cü turunun açılış matçında "İnter”ə 2:3 hesabı ilə məğlub olan "Kəpəz”in futbolçusu Kərim Diniyev jurnalistlərin suallarını cavablandırıb. Futbol11.az həmin müsahibəni təqdim edir: 

- Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz...

- Oyuna pis başladıq. Gözləmədiyimiz halda, ilk 32 dəqiqədən sonra 0:3 hesabı ilə geri düşdük. Standart vəziyyətlərdən sadə qollar buraxdıq. Sonra toparlanmağı bacardıq, 2 qol vurduq. İkinci hissədə tempi artırmalı idik, amma bacarmadıq. Geri dönüş edə bilmədik. 

- Məğlub olsanız da, 65 metrdən gözəl qol vurdunuz...

- Oyun başlayandan fikir verirdim ki, rəqib qapıçısı Orxan Sadıqlı çox irəli çıxır. Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım. Vurdum, qol oldu. 

- Bu qol sizə əlavə motivasiya verəcək?

- Belə qollar tez-tez olmur. Qəbul etmək lazımdır, hər oyun vursam, qapıya girməz. İldə bir dəfə olan qoldur. Niyyətim qapı idi. Çünki Sadıqlının tez-tez qabağa çıxdığını görürdüm. Anı gözləyirdim. 

- Bildiyimiz qədərilə məşqlərdə də bu cür zərbələr vurursunuz...

- Pis çıxmasın, normal zərbəm var. Çalışıram, vuram. Bu gün alındı. 

- Məşqlər zamanı öz qapıçınıza belə qol vurmusunuz?

- Bu məsafədən vurmamışam. 

- Bütün standart vəziyyətlərdə qapıya zərbə endirirdiniz. Bu, Sadıqlının boyunun balaca olması ilə əlaqədardır?

- Komandaya xeyir verəcək zərbə vurmağa çalışırdım. 

- Bu, mövsümün qolu ola bilər?

- Hələlik danışmaq tezdir. Qarşıda 24 tur var. 

- Daha sonra cərimə zərbəsindən də qapını nişan aldınız. Bu, qolun verdiyi inam idi?

- Belə də demək olar. Qoldan sonra inam gəlmişdi. O da pis alınmadı, təhlükəli oldu.

 - Fasilədən sonra baş məşqçi bu cür zərbələri təkrarlamağınıza dair göstəriş verdi?

- Nəinki bu oyunda, bütün matçlara uzaqdan zərbə vurmağı tapşırır. Düzdür, bu məsafədən söyləmir. Deyir ki, nisbətən yaxından qapını yoxla. 

- 4 turdan sonra 1 xalınız var... 

- Vəziyyət yaxşı deyil. Oyun sarıdan problemimiz yoxdur. Üstün oynadıq. Sadəcə, qol vəziyyətlərindən istifadə edə bilmədik. Həmçinin, sürəti artırmağı bacarmadıq. İnanıram ki, düzələcək, yaxşı olacaq. 

Son redaktə Bazar, 10 Sentyabr 2017