wrapper

“Qarabağ”ın hücumçusu Mahir Mədətov “İnter”lə (2:0) matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Matçla bağlı fikrin necədi?

- Həmişə “İnter”ə qarşı ağır oyunumuz olur. Əslində “İnter” sevmədiyimiz komandadı. Çox sıx müdafiə olunurlar, əks-hücumlara üstünlük verirlər. Oyun zamanı da çox taktika dəyişirlər. Ona görə bir az çətinlik çəkdik. Ancaq sonda qalib gəlməyi bacardıq. Sonuncu qoldan qabaq da irəli keçmişdilər və arxa xəttə boşluqlar vermişdilər.

- Qurban Qurbanov sizə hansı tapşırığı vermişdi?

-  Rəqibin kimliyindən asılı olmayaraq biz hər zaman pressinq etməyi sevən komandayıq. Oyun başlayandan pressinq etdik. Bunu “İnter”lə görüşdə də etdik.

- Oyunun gedişində Qurban Qurbanov tez-tez tapşırıqlar verirdi sənə. Nə deyirdi?

-  Sözün düzü “İnter”ə qarşı özümü narahat hiss edirdim. Çünki çox sıx oynayırlar və mən də bunu sevmirəm. Çünki boş zona olmağını çox sevirəm. Qurban müəllim mənə düzgün durmadığımı deyirdi. Onu başa salırdı ki, bu anda belə etdi. Tapşırıqlarını dinlədim və ikinci hissə normal oynadım. Özümü cinahlarda daha yaxşı hiss edirəm. Qurban Qurbanov harada tapşırsa, orada oynayaram. Amma uşaqlıqdan da cinahda oynamışam.

- Qarşıdan “Atletiko” ilə matç gözləyir. Görüş haqda nə düşünürsən?

- Oyuna köklənməyə başlamışam. Evdə oynayırıq və burada hər zaman başqa atmosferdə çıxış edirik. Özümüzə inam da yüksək səviyyədə olur. Düşünürəm ki, bizi maraqlı matç gözləyir. Doğma meydanda hər zaman oynayanda sərfəli nəticəyə inanıram.

- Qrizman, Koke, Torres kimi futbolçulardan çəkinirsiniz?

- Xeyr. Ustalıq səviyyələri hamıya bəllidi. Ancaq mən həmişə komandama inanmışam.

- Robert Prosineçkinin millidən gedəcəyi gözlənilir. Bu haqda nə demək istəyirsən?

- Bizim vəzifəmiz vətənimiz üçün oynamaqdı. Fərqi yoxdu, Prosineçki qalacaq, ya gedəcək. Bu barədə heç nə deyə bilmərəm. Rəhbərlik daha yaxşı bilər bunu.