wrapper

“Qələbə qazandığımıza görə çox sevinirik”. Futbol11.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Cavid Hüseynov deyib.

“Qırmızı qaralar” Topaz Premyer Liqasının IX turunda öz meydanında “Qarabağ”ı minimal hesabla (1:0) məlub edib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran kapitan fikirlərini bildirib.

O, komandada çatışmayan cəhətlərin olduğunu vurğulayıb: “Deməzdim ki, bu, bizim mövsüm ərzində keçirdiyimiz ən yaxşı oyun idi. Çünki çatışmayan cəhətlərimiz var və onların üzərində işləməliyik. Əsas nəticə idi və nəticə üçün oynayırdıq. Məlub olsaydıq, rəqiblə xal fərqimiz çoxalacaqdı”.

- Bu qələbənin komandaya nə dərəcədə xeyri olacaq?

- Bu qələbə bizə hər şeyi əvvəldən başlamağa imkan verir. Xalları bərabərləşdirdik və bundan sonrası öz əlimizdədi. Bir dəfə səhv etmişik və yenidən o şansı qazanmışıq. Ümid edirəm ki, bundan sonra səhvlər etməyəcəyik.

- Keçən mövsüm zəif komandalarla oyunlarda xal itirirdiniz. Necə düşünürsən, bu mövsüm motivasiya yüksək olacaqmı?

- Əvvəlcədən nə demək çətindi. Sadəcə, oyun ərzində elə olur ki, biz nəticə üçün oynayırıq. Bəli, ötən mövsüm autsayderlərlə oyunlarda xl itirmişik. Bu il çalışırıq ki, səhvlər etməyək. Amma yenə “Kəpəz”ə öz meydanımızda məğlub olduq və həmin məğlubiyyətdən sonra komandanın özünə gəlməsi yaxşı haldı.   

- Komanda son turlarda yaxşı oyun sərgiləyə bilmir. Bildiyimizə görə, futbolçular arasında gərginlik var. Problem nədədi?

- Heç bir problem yoxdu. Bəli, bir məsələ var idi və onu həll etmişik. Monrozla Ruslan Qurbanov arasında problem olmuşdu, indi hər şey qaydasındadı.

- Oyundan sonra legionerlərlə qucaqlaşdınız, qələbəni xüsusi qeyd etdiniz. Komandada münasibətlərin yaxşı olduğunu göstərmək istəmirdiniz?

- Həqiqətən də hər şey qaydasındadı. Sadəcə, oyundan sonrakı gərginlik qalmaqala səbəb olmuşdu. Hər iki futbolçu başa düşür ki, bura dalaşmağa yox, futbol oynamağa gəliblər. Qol gücü yox, yaxşı oyun sərgiləmək lazımdı.       

Son redaktə Bazar, 22 Oktyabr 2017