wrapper

Azərbaycan millisinin sabiq üzvü,bir müddətdi klubsuz olan Vaqif Cavadov "Keşlə" klubunun düşərgəsində məşq edir. Vaqif məşq prosesləri zamanı özünü yaxşı tərəfdən göstərə bilsə, qışda klubla rəsmi müqavilə imzalayacaq. 2 gündü sabiq komandasının düşərgəsində məşq edən oyunçu Futbol11.az saytına müsahibə verib. O, klubdakı gələcəyi haqda danışıb: 

- Birdən-birə "Keşlə"nin düşərgəsinə qatılmağın sürpriz oldu. Özünü necə hiss edirsən?

- Birdən-birə deməzdim. Özünüz də görürsünüz ki, son ana qədər her şey reallaşa bilir. "İnter" qalacağım və ya gedəcəyim hələlik bəlli deyil. Rəhbərlik və baş məşqçi şans yaratdı, mən də "Keşlə"də məşq etməyə etiraz etmədim. Necə olacaq, bunu yaxın zamanda görəcəyik. 

- Ümumiyyətlə, bu komandaya dönüşün necə baş verdi? Sən müraciət etmişdin, yoxsa klubdan dəvət almışdın?

- Klubun prezidenti Zaur Axundovla münasibətlərimiz pis deyil. O, baş məşqçi ilə əlaqə saxladı və mənim komandaya geri döndüm. Burada məşq edirəm, formamı bərpa etməyə çalışıram. Komanda ilə məşq etmək başqadı, nəinki fərdi. Futbolçular da sağ olsunlar, məni yaxşı qəbul edirlər. 

- Qışda "Keşlə" ilə müqavilə imzalayacaqsan, yoxsa məşq etmək üçün bura üz tutmusan?

- Söhbət özümü doğrultmaqdan getmir.  Burada 2 ay məşq edəcəm və əvvəlki formamı bərpa etməyə çalışacam. Klubda qalıb-qalmayacağımı isə zaman göstərəcək.

- Əvvəlki açıqlamanda ölkə xaricindən təklif aldığını demişdin. Niyə baş tutmadı?

- Əlbəttə, indi də var. Mən aşağı liqada, ortabab komandalarda oynamaq istəmirəm.  Mən istəyirəm ki, yaxşı yer olsun, oynamaq üçün yaxşı şərait olsun.  Ona görə də zamana ehtiyac var. 

- Hansı ölkədən təklif aldığını açıqlaya bilərsən?

-  İndi bunu açıqlamağın nə mənası var? Hazırda "Keşlə"nin düşərgəsindəyəm,  məşq edirəm. İrəlidə vaxtımız var, gələcək haqda sonra fikirləşəcəyik. 

- Uzun müddətdi futbol oynamayan Vaqif tükənməyib?

- Yox, oynamaq üçün xeyli gücüm var. 40 yaşında futbol oynayanlar tükənsinlər. 

Futbol11.az 

Son redaktə Cümə axşamı, 26 Oktyabr 2017