wrapper

Bu mənzərə çoxlarınıza tanışdı, yəqin. Əsgərlikdən gələn uşaq üçün stol açılır, bütün kənd cavanları toplaşır, oğulun gəlməsinə görə özəl olaraq bəslənmiş öküz kəsilir, hamı deyib-gülür. Adətən belə məclislərdə hər kəs hərbi xidməti yenicə başa vuran gəncin söhbətini maraqla dinləyir: “Bütün “rota”ya qan uddururdum, nə qədər elədilər tualet “naryadı”na getmədim, komandirin duxu çatmırdı mənə bir söz desin”. Əli əsgərliyə gedib-gəlirdi, eyni şey, Vəli gəlirdi eyni söhbət, bütün karyerası mal nobatında keçən Hacıağanın da mövzusu dəyişmirdi. Əslində bu dədə-babadan qalma bir adət idi. Elə həmin Hacıağanın atası, həddən artıq qorxaq olduğundan “pişikdən qorxan” ləqəbi almış İmran Sovet dövründə Xabarovskdan hərbi xidmətdən qayıdandan polk komandiri  polkovnik  Vlasovun qızı ilə eşq macəralarından elə danışırdı ki, tanımayan elə bilərdi bu Sibirin seks-simvolu olub.  Məhz, tanımayan adam!

Bu gün AFFA-nın ilk prezidenti Fuad Musayev də tanımayanlar üçün mələk kimi görünür. Qardaşlarımızı qoyub qabağına elə şeylər danışır ki, sanki ötən əsrin əvvəllərində olan söhbətlərdir, arxivdən silinib gedib.  Axı  “Şəfa”nın yaranması, Dağıstandan gələn ilk legionerlər, Nemət Mahmudovun Şəmkirdə elədikləri, kubokun yarımfinalında “Kəpəz”lə oyunda “Neftçi”nin başına gətirilən oyun,  hamısı gözümüzün qabağındadır. 

Biz demirik ki, Rövnəq Abdullayev idealdı, ya Elxan Məmmədovun kadr kimi tayı-bərabəri yoxdur. Yox, qətiyyən! Məmmədovun bütün klubları öz kurasiyasına salmaq taktikasının əsasını elə Fuad müəllim qoyub. Hətta indi də təklif edir ki, U-19 və U-21 yığmaları çempionatda oynasın. Bu kiflənmiş variantdan indi hansı ölkədə istifadə edirlər? Federasiya prezidentinin yığmanın oyunlarında texniki zonada oturub futbolçulara göstəriş verməsi yalnız bizim ölkədə ola bilərdi. 

1997-ci ilin başı bəlalı çempionatı. Hələ də həm “Neftçi”, həm də “Qarabağ” özünü çempion sayır. Həmin vaxt AFFA “Qarabağ”ı çempion hesab etsə də,  UEFA Çempionlar Liqasına “Neftçi”ni buraxdı. Deməli, əsas komandanın xallarının üstünə əvəzedicilərin də xalı gəlirdi və kimin nəticəsi yaxşıdırsa, çempion elan edilirdi. Hardasa bu cür əndrəbadi reqlament  görmüşdünüz? 

Bu gün çoxları federasiya prezidentini tənqid edə bilmirlər, cəsarət tapanda isə işsiz qalırlar. O vaxt  Samir Ələkbərov Musayevlə baş-başa gəldiyi üçün karyerasının ən yaxşı vaxtında uzun illər futboldan kənarda qaldı. Elə bilirsiniz, “Şəfa” yalnız Azərbaycan futbolunun inkişafı üçün yaradılmışdı? İndiyə kimi yadımdadı, bütün gənc, istedadlı oyunçuları müxtəlif təzyiqlərlə bu kluba yığırdılar ki, kimsə xaricə transfer olunsa, pul özlərinə qalsın. Zaur Tağızadənin ölkədən kənara çıxa bilməməsinin səbəblərindən biri də bu idi. Ondan ötrü, İsveç klubundan 1 milyon istəmişdilər. 

İndi federasiya Elnur Cəfərova klub tapsa da, futbolçu heç bir ay keçməmiş qayıdır ki, orda mənə zornan şampan içirdirdilər. Əslində AFFA-nın kiməsə klub tapması da anormal bir şeydir. Hər kəsin öz fəaliyyət sferası olmalıdır. 

Bəli, 8 komandalı çempionat biabırçılıqdır, bəli, nəticələr istənilən kimi deyil, bəli legionerləşdirmə davam edir, bəli pullar uzun müddət göyə sovuruldu amma bunu Fuad Musayev yox, siz, biz, ayda 500-600 manata işləyən jurnalistlər deməlidr. Biznesi əlindən alınandan sonra müxalifətçi olan Rüstəm İbrahimbəyov, bir vaxtlar müxalifətin dalınca asıb-kəsən Gültəkin Hacıbəyli indi nə qədər səmimidirsə, Fuad müəllim də o qədər səmimidir.   

BABƏK

Son redaktə Çərşənbə, 11 Yanvar 2017