wrapper

"Hər şey yaxşıdır, qarşıdakı oyuna da hazırlığımız necə lazımdırsa, elə də keçib. Odur ki, yaxşı nəticə qazanmağa çalışacağıq. Bunun üçün də əlimizdən gələni edəcəyik". Bu sözlər "Kəpəz"in futbolçusu İlyas Səfərzadəyə məxsusdu.

Klubun rəsmi saytına açıqlama verən gənc futbolçu "Qəbələ" ilə oyun haqda danışarkən belə deyib. Səfərzadə daha sonra sözlərinə bu cür davam edib: "Təbii ki, biz futbolçular da vəziyyətlə bağlı təhlil aparırıq. Bu durum bizi məyus edir. Uğursuzluğu heç kim istəməz. Komanda uduzursa, ilk növbədə günah futbolçularındır. İndi komandaya yeni baş məşqçi gəlib, inşallah, onun rəhbərliyi altında uğurlu nəticələr göstərməyə çalışacağıq". 

İlyas Səfərzadə vaxtilə də Yunis Hüseynovun rəhbərliyi altında çıxış edib. O, "Xəzər Lənkəran"da forma geyinəndə 52 yaşlı mütəxəssis komandanın baş məşqçisi olub. Elə indi "Kəpəz"də yer alan Kamran Abdullazadə və Tural Cəlilov da bir vaxtlar Hüseynov ilə birgə işləyib: "Bilirik ki, Yunis müəllim Gəncə üçün doğma insandı. O, futbolçu kimi burada yetişib, "Kəpəz"də oynayıb. İndi isə komandanın baş məşqçisidir. Elə biz də Lənkəran klubunda onun başçılığı altında oynamışıq. İş üslubuna bələdik, futbolçulardan nəyi istədiyini bilirik. Əlimizdən gələni edəcəyik ki, komandanın çıxışı yaxşı olsun. Rəhbərlik və azarkeşlər bizdən bunu gözləyir. İlk olaraq "Qəbələ"yə qarşı oyunda uğurlu nəticə əldə etməliyik. Bu rəqibə səfərdə qalib gəlmişik, evdə də qələbə qazana bilərik".

Son redaktə Şənbə, 25 Noyabr 2017