wrapper

"İnter"dən Ruslan Abışovu transfer edən "Neftçi"nin arzusuna çatdığını deyə bilərik. Ancaq bu keçid bir çoxları üçün gözlənilməz oldu. Məsələ burasındadı ki, "ağ-qaralar" Abışovu heyətinə cəlb etməkdə israrlı olsa da, "bankirlər" mövsümün sonuna qədər müdafiəçini öz uğurları üçün komandada saxlamağa razı salmışdı.

Bəs, görəsən, son anda Ruslanın klubunu dəyişməsinə nə səbəb olub? Bizdə olan məlumata görə, son dəqiqə transferini rəsmiləşməsində "yuxarı" dairələrin əli olub. Ruslanın özü mövsümün sonuna qədər "İnter"də qalmağa razı imiş. Ancaq məsələyə "yuxarılar"ın qarışması son anda "İnter" rəhbərliyinin fikrini dəyişib.

Məsələyə aydınlıq gətirmək üçün "bankirlər"in prezidenti Azər Əliyevlə əlaqə saxladıq. O isə Futbol11.az saytına açıqlamasında məsələyə belə münasibət bildirdi: "Düzdü, biz Ruslan Abışovla mövsümün sonuna qədər komandada qalması üçün razılıq əldə etmişdik. Ancaq sonradan fikrimizi dəyişdik. Siz dediyiniz qeyri-rəsmi məsələdi. Düzdü, "Neftçi" Ruslanı heyətinə cəlb etmək üçün bizə transfer haqqı ödəyib. Ancaq onu da deyim ki, bu, pul məsələsi deyildi. Biz ümumi strategiyamızı dəyişəcəyik. Buna görə də belə bir qərar qəbul etdik".

Görəsən, Azər Əliyev "ümumi strategiyamızı dəyişəcəyik" deyəndə klubun SOCAR-ın himayəsinə keçəcəyini nəzərdə tutmur ki? 

"SOCAR-ın "İnter"ə sponsorluq edəcəyi ilə bağlı xəbərlər mən kluba prezident gəlməmişdəm öncə də mətbuatda var idi. Ümumi strategiya dedikdə, çempionatdakı çıxışımı nəzərdə tuturam. SOCAR-la bağlı isə məndə heç bir məlumat yoxdu" deyə, klubun rəhbəri bildirib.