wrapper

Romada 3-cü gün. Yenə sübh tezdən oyanıb son gündə qarşıdakı dəqiqələrdən maksimum yararlanmağa çalışırıq. Elə “Qarabağ” da bu az vaxtdan səmərəli istifadə etmək niyyətində idi. Əbəs yerə deyil ki, Qurban Qurbanov komandasını məhz oyun günü də səhər məşqə çıxarmağı lazım bilmişdi. Şanslar bitsə də, “Roma”dan xal almaq, qapını bərk çırpmaq istəyi var idi. 

“Qarabağ” əvəzinə “Kalyari”

Ağdamlıların son hazırlıqlarını etdiyi vaxtda biz də “Əbədi şəhər”in küçələrində kim bilir bəlkə də sonuncu dəfə gəzirdik. Yenə də qaynayıb-qarışan şəhər, harasa tələsən insanlar, turistlər...

Oyun günü olduğundan düşünürdük ki, heç olmasa matçla bağlı nəyəsə rast gələrik. Gümanımızda yanılmadıq, “Roma”nın geyimləri və atributları ilə silahlanmış bir neçə xanım əlində nəsə kağız paylayırdı. “Qarabağ”la oyuna çağırış vərəqi olduğunu nəzərə alıb, biz də xanımlara yaxınlaşdıq, amma gözlədiyimiz olmadı. Çünki kağızlarda “Qarabağ”la yox, dekabrın 16-da “Roma”nın A Seriyası çərçivəsində “Kalyari” ilə keçiriləcək  ev oyununa dəvət var idi. 

“Roma”nın “Ədliyyə” stadionu

Gənclər Liqasında “Qarabağ”ın 19 yaşlılarının matçı da oluğundan bu dəfə saat 13:30-a kimi vaxtımız var idi. Romada olduğumuz müddətdə jurnalistlərin əziyyətini çəkən “Qarabağ” rəsmisi Yusif Hüseynin başçılığı altında jurnalist dəstəsi gənclərin oyunu üçün “Tre Fontan” stadionuna yollandıq. Adı möhtəşəm səslənsə də, arenanın tribunaları “Ədliyyə” stadionunadakına bənzəyirdi. Stadionun oturacaqları olmadığından hamı beton üzərində lövbər salmışdı. Deyəsən heç stadion özü də bu qədər jurnalistin gəlişinə hazır deyildi. İnternetsiz və adi azarkeşlər arasında yer alan media təmsilçiləri 90 dəqiqəni adi tamaşaçı qismində izlədi. Əzmkar mübarizə aparmağına baxmayaraq ustalıq səviyyəsində geri qalan gənc “atlılar” rəqibindən 3 cavabsız top buraxdı. Oyundan sonra jurnalistlərə açıqlama verən baş məşqçi Rəşad Sadıqov ölkəmizdə uşaq futbolu ilə bağlı real vəziyyətdən və bu situasiyada işləməyin çətinliklərindən danışdı. İldən-ilə geriləmə olduğunu bildirən çalışdırıcı, çox şeylərdən şikayətləndi.

Avtoş xanımın məharəti

Gənclərlə əsas komandanın oyunları arasında bir neçə saatlıq fasilə olduğundan, həmin boşluqdan yararlanıb oyunöncəsi biz də hazırlılqarımızı gördük. Yerli vaxtla 18:45-də isə gəlişimizin səbəbi olan “Stad de Olimpiko”ya – “Roma” – “Qarabağ” matçına yollandıq. Özü də necə... yer aldığımız avtobusun müşayiət etdiyi polis maşını həyəcan siqnalını işə salaraq işıqıforun rəngindən asılı olmayaraq bizi mənzil başına çatdırmaq üçün tələsirdi. Elə yer aldığımız avtobusu idarə edən xanım da polis maşınından dala qalmırdı. Avtoşvarı reydlər edən sürücü bir az da dirəşsəydi, bizi son mənzilə də yola sala bilərdi. 

“Olimpiya” stadionunda internet problemi

Nəhayət oyunun keçiriləcəyi məkana çatdıq. Yoxlanışdan keçib, stadiona daxil olduqdan sonra rastımıza çıxan ilk diqqətçəkən şey stadionun media tribunasının qapısı ağzında canlı orkestr musiqiçiləri idi. İstəyimizi nəzərə alıb bizə hətta Çempionlar Liqasının himnini canlı ifa edib, bizə bu əsrarəngiz musiqini bir daha dinlətdilər. 

Romanın nəhəng – 70 minlik Olimpiya stadionu. O stadion ki, 1990-cı ildə almaniyalı Lotar Matteusun dünya kubokunu başına üzərinə qaldırdığı stadion. Tribunalar yarıya kimi dolsa da, bu elə bu qədər azarkeşin çıxardığı səs, yaratdığı atmosfer göz oxşayırdı. Təbii ki, bu “ay”ın görünən tərəfi idi. Bir də görünməyən tərəfi haqda danışaq. Avropanın mərkəzində - dəfələrlə ÇL-in finalına ev sahibliyi etmiş, Apenninin ən böyük stadionlarından birində media tribunasında çox ciddi internet problemi var idi. Hətta İT-nik nə qədər çalışsa da oyunboyu aradan qaldıra bilmədi. 

Lider “Roma”

Matç isə qonaqların üstünlüyü ilə başladı. İlk yarıda tamamilə üstünlüyü alan meydan sahiblərində gah dəqiqlik, gah da qapıçı İbrahim Şehiç mane olurdu. Elə müdafiəçilərin də əməyini xüsusi qeyd etmək olar. Arxa xətdə ciddi itkilərlə çıxan “Qarabağ”da “canlı bomba” imici yaratmış Elvin Yunuszadə belə oyun intizamını əldən vermirdi. Amma ağdamlıların fasiləyə kimi ancaq müdafiə olunduğunu demək olmaz. Əks-hücumlara çıxan “Qarabağ” bəzən rəqib qapısı qarşısında təhlükə yarada bilirdi. Bunlardan ən təhlükəlisi hissənin ortalarında Riçard Almeydanın 15-20 metrdən qapıya ünvanladığı zərbə idi. Millimizin üzvünün zərbəsi bəlkə də yerlə vurulsaydı, hesab açılacaqdı. İkinci hissədə də ssenari dəyişmədi. Yenə də oyunu hücumda keçirən “Roma” fasilədən sonra istəyinə çatdı. 53-cü dəqiqədə Dzekonun həmyerlisi Şehiçlə üzbəüz epizodda vurduğu zərbəni bosniya və hersoqovinalı əlcək sahibi dəf etsə də, qayıdan topu Perotti başı ilə qapıdan keçirdi – 1:0. Bundan sonra da aşkar üstün olan romalılar ikinci qol üçün nə qədər çalışsalar da istəklərinə çata bilmədilər. Hətta az qala “Qarabağ” Miçel Maderanın baş zərbəsindən sonra onları şoka sala bilərdi. Amma ispaniyalı yarımmüdafiəçi yaxın məsafədən topu düz qapıçı Alissonun qucağına vurdu. Beləliklə minimal hesabla qalib gələn “Roma” qrupu lider tamamlayaraq, “Çelsi” ilə birlikdə ÇL-in 1/8 finalına vəsiqə qazandı.

Layiqli vida

Image may contain: 3 people, people smiling, outdoor

Məğlubiyyətə baxmayaraq, heç kim üzgün görünmürdü. Onsuz da heç kim “Qarabağ”ı bu cür çətin qrupdan növbəti mərhələyə adlamadığına görə qınamayacaq. Böyük bir təcrübə yaşayan ağdam klubu  iyulda şərəflə başlatdığı  Avropa yolunu, layiqli şəkildə başa çatdırmışdı. Amma bu mövsümlük. Kim bilir bəlkə də, gələn ilin bu vaxtı daha böyük uğurlardan bəhs edəcəyik.

 

Elmar Abdulla-zadə / Roma