wrapper

 

“Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı başa çatdıqdan sonra Qurban Qurbanov üçün yenə vacib ay başlanır. “Qarabağ”ın 10 ildir ki qazandığı uğurlarda pay sahibi olan Qurbanov indi milli üçün uğurlu seçimlər etmək niyyətindədir. 

Əsas milli komandaya eləcə də aşağı yaş qruplarına məşqçilərin təyinatının reallaşması çox vacib məqamdır və Qurbanov bu işə həssas yanaşır. 

Bizdə olan məlumata görə, Qurbanov əsas milli komandaya “Qarabağ”dan iki məşqçi cəlb edəcək. Qurbanovun əbədi köməkçisi Elçin Rəhmanovla çox güvəndiyi fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarovu milliyə aparacaq. 

Qapıçı məşqçisi ilə bağlı isə çox maraqlı informasiya əldə etmişik. Belə ki, milli komandaya məşhur soyadın daşıyıcısı Dmitri Kramarenko cəlb oluna bilər. Futbolçu karyerası ərzində iddialı klubların şərəfini qorumuş Dima Azərbaycanda məşqçi kimi də təcrübəyə malikdir. Həm “Qəbələ”, həm də “Neftçi”də qapıçıların hazırlığına cavabdeh olan veteran qapıçı hazırda Moskvada, MOİK klubunun akademiyasında çalışır. Əgər hər hansı bir qlobal problem çıxmasa, Dima uzunmüddətli plan üçün Azərbaycana qayıdacaq.

Qeyd edək ki, Dimanın atası Sergey Kramarenkonun Azərbaycan futbolu tarixində, konkret olaraq “Neftçi”də dərin izi var. Kramarenko “Neftçi” heyətində ən çox oyun keçirən futbolçulardan biridir.