wrapper

Bakıdakı təlim-məşq toplanışı çərçivəsində 3-cü yoxlama görüşünü keçirən “Zirə” bu gün “Keşlə”yə 1:2 hesabı ilə uduzub.

Futbol11.az xəbər verir ki, komandanın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bakıdakı son yoxlama oyunumuz oldu. Ağır məşqlər keçdikdən sonra futbolçulara oynamaq çətindir. Bu oyunda futbolçuların hərəkətli olmasında razı qaldıq. Çatışmayan cəhətləri də görürük və onları da aradan qaldırmaq üçün çalışacağıq. Qış fasiləsindən sonra bizi çətin oyunlar gözləyir. Hazır olmaq lazımdır.

- Təmkin Xəlilzadənin “Zirə”də yeri görünür?

- Təmkin söhbətini artıq etmək istəməzdim. Çünki o, “Qəbələ”nin futbolçusudur. Çalışacağıq ki, mövqeyindəki boşluğu dolduraq.

- Jozef Bumun durumu necədir?

- Yaxşıdır. Antalyada bizə qoşulacaq.

- Antalyada baxışa oyunçu dəvət ediləcək?

- Baxışa gələn olmayacaq. İzlədiyimiz futbolçular var. Çalışacağıq ki, ən azı bir transfer edək.

- Hansı mövqeyi doldurmaq istəyirsiniz?

- Yarımmüdafiə xəttini gücləndirmək istəyirik. 

- Bir transfer “Zirə” üçün kifayət edəcək?

- Bu qarşılaşmada iki heyətimiz var idi. Məncə, inşallah, kifayət edəcək.

- Anar Nəzirovun son durumu necədir?

- Anar məşqlərə başlayıb. İnşallah, Antalyada ikinci yoxlama görüşündə ona şans veriləcək.