wrapper

 

“Mən bir müddətdir ki, “Səbail”in düşərgəsində idim. Burada yaxşı məşqçi korpusu və yaxşı futbolçu heyəti toplaşıb. Müqavilə imzalamaq qış fasiləsindən sonraya qismət imiş. Artıq 1 illik müqavilə imzalamışam”.

Bu sözləri Futbol11.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü, təcrübəli müdafiəçi Ruslan Əmircanov deyib. AZAL-dan ayrıldıqdan sonra klubsuz qalan Əmircanov karyerasını 5 aylıq fasilədən sonra bərpa edəcək. Əmircanov oyun praktikası baxımından korluq çəksə də, özünü fiziki tərəfdən hazır hesab edir: “Məşqləri tam gücümlə etmişəm. Hər hansı bir problem yoxdu. Özümü çox  yaxşı hiss edirəm və oynamağa hazıram”.

AZAL-da oynadığı zaman vitse-kapitan olan Əmircanov bir neçə dəfə gözəl cərimə zərbələri ilə diqqət mərkəzinə düşmüşdü. Bu, onda “İnter”də çıxış edərkən belə bir üstünlüyü vardı. Əmircanov bu adətini yadırğamadığını dedi: “Çempionat başlasın, hər şey olacaq. Hər şey yerində olacaq, “ştraflar” da. Çox qısa zamanda əvvəlki Əmircanovu görəcəksiniz. Çox istəkliyəm, oynamaq niyyətindəyəm”. 

Əmircanov ona güvənən gənc məşqçi Samir Əliyevlə  bağlı da danışdı: “Burada yaxşı məşqçi korpusu var. Samir Əliyev çox gözəl məşqlər keçir. Bizdə qarşılıqlı inam var. Əgər Samir müəllim mənə güvənməsəydi, komandaya götürməzdi. Düşünürəm ki, hər şey yaxşı olacaq”.