wrapper

Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasından sonra aşağı yaş qrupları üzrə milli komandalarda da ciddi islahatlar aparıldı.

Bundan əlavə, gözlənildiyi kimi Qurban Qurbanov əsas milli komandanın məşqçi korpusuna da əl gəzdirdi. Nəticədə Azərbaycan futbolunun tanınmış siması, ən titullu futbol adamlarımızdan olan  Mahmud Qurbanov kənarda qaldı. Onun aşağı yaş qrupları üzrə millilərimizdən birinə baş məşqçi təyin olunacağı son ana qədər gözlənilsə də, rəsmiləşən bir şey olmadı. Odur ki, Qurbanov hazırda işsizdir. 

Məsələ ilə bağlı Futbol11.az saytına danışan Qurbanov gözləmə mövqeyində olduğunu bildirdi: “Hələ ki, hər hansı bir yenilik yoxdu. Düzdür, bəzi informasiyalar çıxmışdı. Hətta məni təbrik edənlər də var idi. Mən isə bütün bunlarla heç maraqlanmadım da. Çünki şəxsən mənə heç bir şey deyilməmişdi, söz-söhbət idi. Azərbaycanda anidən kənarda qalmaq normaldır. Bu, təəccüblü deyil. Belə hallar olur və mən də gözləmə mövqeyindəyəm. Düşünürəm ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Mahmud Qurbanov Robert Prosineçkinin iki azərbaycanlı köməkçisindən biri idi. Digər köməkçi məşqçi olan Faiq Əzizov hazırda U-21 millisində işlə təmin olunub.

Son redaktə Bazar ertəsi, 22 Yanvar 2018