wrapper

Topaz Premyer Liqasının XXIII turunda baş tutan “Zirə” – “Qarabağ” oyununda hesab açılmayıb. Futbol11.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun futbolçusu Miçel Madera əməkdaşımızın suallarını cavablandırıb:

- “Zirə”ni məğlub edə bilmədiniz. Bu qədər çətin olacağını gözləyirdinizmi?

-Təbii ki, çətin olacağını gözləyirdik. Çempionatın qızğın getdiyi vaxta bütün komandalar yüksək səviyyədə çıxış edirlər. Məsələn, autsayder AZAL “Qəbələ”dən xal aldı və bu, gözlənilməz oldu. Ümumiyyətlə, hazırda bütün komandalar güclü futbol oynayırlar.

- “Qarabağ” istənilən kimi oynamırdı. Bunun səbəbi nə idi?

- İlk hissədə bizə çox çətin oldu. Çünki rəqib çox pressinq tətbiq edirdi. Amma ikinci hissədə təşəbbüsü ələ aldıq, lakin qol vura bilmədik. Xüsusən də rəqibin 5 müdafiəçi ilə oynaması bizə çox problem yaradırdı.

- Rəqibin futbolçusu Akim Latifunun qırmızı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsən? O, həqiqətən də Ansi Aqollini vurmuşdu?

- Mən həmin epizod baş verəndə başqa mövqedə idim, görmədim. Ansini tanıyıram, artistlik etməz.

- Meydanda irəliyə baxanda Dani Kintana ilə Reynaldonu axtarmırsan?

- İndi bunu fikirləşməyin mənası yoxdur. Təbii ki, onlar bizim üçün önəmli futbolçular idilər. Amma indi hansı oyunçularımız varsa, onlarla irəliləməliyik. Yenə deyirəm, onlar bizim üçün vacib oyunçular idi.

- Çempionluq uğrunda mübarizə aparmaq Danisiz çətin deyil ki?

- Dani fərqli oyunçu idi, əsas fiqurumuz idi. Amma bundan sonra heç nə edə bilmərik. Ümid edək ki, zədəsini tez sağaltsın.

- Kintana ilə əlaqə saxlayırsan?

- Əməliyyatdan sonra bərpa prosesini keçir. Zənn edirəm ki, qayıdandan sonra daha güclü olacaq. Bu il olmasa da, gələn il komandamıza xeyir verə biləcək.

- “Qarabağ”dan əksər komanda yoldaşların Azərbaycan yığmasında çıxış edir. Millimizin Almaniya ilə oyundan hansı nəticə ilə ayrılacağını gözləyirsən?

- Onlara uğrular arzu edirəm. Düzdü, çox çətin olacaq, amma futbolda hər şey başa verə bilər. Azərbaycan yığmasına dəstək verəcəm. 

Futbol11.az 

Son redaktə Bazar, 19 Mart 2017