wrapper

Bu gün bayramdı, hamı bir-birini təbrik edir. Palaza bürün, elnən sürün deyib biz də qonşudan geri qalmamağa çalışdıq. Odur ki, getdik. 

O gün olsun ki, çempionatda 8 yox, 18 komanda olsun. Hərəsinin də büdcəsi ən azı Çin bukmeker kontorlarında I divizionumuzdan udulan pul qədər. 

O gün olsun ki, “Şərurspor, “Rəvan” bəraət qazansın, Sərdar Bağırovu Apellyasiya Komitəsinin sədri, Cəmşid Məhərrəmovla Elvin Əliyevi mövsümün ən “ədalət”li futbolçusu kimi görək. 

O gün olsun ki, Robert Prosineçkiyə fəlsəfə elmindəki uğurlarına görə, “Platonun davamçısı” mükafatı verilsin. Biz də 3 gün, 3 gecə yeyib-içib bayram edək. 

O gün olsun ki, “Zirə” ilə “Qarabağ”ın arasında soyuq Xəzri küləyi əssin. Səmum yelləri elə əssin ki, “Zirə” tarixində ilk dəfə Ağdam klubunu məğlub etsin. 

O gün olsun ki, hakimlər bütün səhvləri “Qəbələ”nin xeyrinə versinlər. Daha yazmağa nə bəyanat qalsın, səsləndirməyə nə şüar, qaldırmağa da pankart. 

O gün olsun ki, Klublar Komitəsinə elə səlahiyyət versinlər, qurumun elə hörməti olsun ki, “Sumqayıt”ı AFFA İcraiyyə Komitəsində Vaqif Sadıqov yox,  məhz elə Kamran Quliyev təmsil etsin. 

O gün olsun ki, Gəncədə hər cür şəraitə malik, müasir, gözəl stadion tikilsin. İndiki meydanda  əkilən göyərtilərin sorağı Moskvadan, Mahaçqaladan gəlsin. Aleksandr Səmədovla Ayaz Quliyevin vitamini artsın.   

O gün olsun ki, Dağıstan prezidenti Ramazan Abdulatipovun respublikada futbolun ləğvi ilə bağlı fərmanını oxuyaq. Canımız Maqomedaliyevlərdən, Daşdəmirovlardan, Kurbanovlardan qutarsın.  

Allah bizi Tomas Müllerin, Özilin, Kroosun qəzəbindən qorusun. Ulu Şirvinin ruhu müqəddəs Novruz günlərində bu futbolçuların ayaqlarını bağlasın. 

Allah bizi məzhəb ayrı seçkiliyi ilə heyət yığan məşqçilərdən, öz dilində danışmağa utanan federasiya rəsmilərindən, iki dəqiqədən bir “evimiz üçün darıxıram” deyən legionerlərimizdən qorusun.

AYXAN

Son redaktə Bazar ertəsi, 20 Mart 2017