wrapper

"Oyuna ciddi hazırlaşırıq. Başa düşürük ki, "Neftçi" ilə oyun bizim üçün asan olmayacaq". Futbol11.az xəbər verir ki, bu sözlər "Zirə"nin baş məşqçisi Ayxan Abbasova məxsusdur. 

Avrokuboklara vəsiqə qazanmaq şansı olan "Zirə" növbəti turda əsas rəqiblərdən biri olan "Neftçi" ilə qarşılaşacaq. Saytımıza açıqlama verən gənc mütəxəssis komandadakı son durumdan danışıb: "Bildiyiniz kimi, Adil Nağıyev sarı vərəqə limitini doldurduğu üçün "Neftçi"yə qarşı oynamayacaq. Onunla yanaşı, Amadu Sanqar da zədə səbəbindən matçı buraxmalı olacaq. Oyuna gəlincə, çox çətin olacaq. "Neftçi"nin mövsümün əvvəlindəki "Neftçi" olmadığını başa düşürük. Sona qədər döyüşüb, şanslarımızdan istifadə edəcəyik".

Abbasov kopmandasının Avrokubok şanslarını da dəyərləndirib: "Düzdü, turnir cədvəlinə baxanda görünür ki, üstünlük cüzi də olsa bizim tərəfimizdədir. Amma biz bunu düşünmürük. Qarşıda "Neftçi" və AZAL-la çətin oyunumuz var. Hamı "Zirə"nin AZAL-ı asanlıqla məğlub edəcəyini düşünə bilər, lakin belə deyil. AZAL-ın futbolçuları da özlərini digər komandalara göstərmək üçün ciddi güc sərf edəcəklər. Bundan başqa, "Kəpəz"in və "Sumqayıt"ın da şansları var. Ümid edirəm ki, sonda sevinən tərəf biz olacağıq, bunu çox istəyirik".

Gənc mütəxəssis Albaniya millisinin üzvü Andi Lilanınb adının "Zirə" ilə birgə hallanmasına münasibət bildirib: "Mətbuatda bizim bir neçə futbolçu ilə müqavilə imzaladığımız iddia edilir. Demək istəyirəm ki, yazılanlar həqiqəti əks etdirmir, heç bir futbolçu ilə danışıq aparmırıq. Əvvəlcə, turnir cədvəlindəki mövqeyimizi bilmək və ona utğun futbolçularla danışıq aparmaq istəyirik. Düzdü, heyətdə dəyişikliklər olacaq, lakin bu, ciddi olmayacaq. Əgər əlimizdə olan futbolçularal yaxşı çıxış ediriksə, ciddi dəyişiklik etməyə gərək yoxdur".

Futbol11.az