wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı  “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması istiqaməti üzrə “Klubları özü-özünü dolandıran təsərrüfat subyektinə çevirilmə yolları layihəsində silsilə yazıları davam etdirir.

Tək oteldə

Mərhum Anatoli Bezrodnı MKT “Araz”da oynayanda bir gün içəndən sonra gecəni qəbirstanlıqda keçirmişdi.  Səhər 1900-cü ildə (19 eks “Spartak”çının sevimli nömrəsi idi) dəfn olunan İmişli sakininin qəbrinin üstündən onu zornan qaldırıblar. Yaxud da Toni Adamsın dövründə klubun legionerlərindən biri vətəninə gedəndən sonra demişdi ki, qışda Qəbələdə nə edəcəyimi bilmirdim, 5 ulduzlu oteldə bəzən tək qalırdım. Bəli, əcnəbi futbolçular Azərbaycanın bölgələrində nələrlə üzləşməyiblər ki?!

Denikin ağ qvardiyası

Bəs harda futbol klubu yaradasan ki, həm ölkə xaricindən normal oyunçu gəlsin, həm də həmin yerdə futbol sevilsin, oyunlar boş tribunalar önündə keçirilməsin. Ənənəsi olmayan rayonlarda klub yaratmaq çox çətindir. Götürək elə “Qəbələ”ni. Klubun tanıdılması üçün, rayon sakinlərinin stadiona cəlb olunması üçün eləmədikləri qalmayıb. Lotereyadan tutmuş, məktəblilərlə, rayon ziyalıları ilə görüşlərə qədər. Amma bir də görürsən daydayın biri çönüb 85-ci dəqiqədə sənə deyir ki,  “a bala, qırmızılar kim idi, ağlar kim?”. Yaşda böyük olmasa, qayıdasan ki, qırmızılar bolşeviklərdir, ağlar da Denikinin ağ qvardiyaçıları. 

“Ceyran” peçi ilə qızdırılan stadionlar

Yannik Kamanan “Qəbələ”yə yeni gələndə uşağını qoymaq üçün fransız dilli məktəb axtarırmış, sonradan bunu başa salıblar ki, ay hörmətli hücumçu, bizdə Bakıda bu cür litsey yeni açılıb. Və nəzərə alın ki, Qəbələ ölkənin turizm baxımından ən inkişaf etmiş bölgəsidir. Orda olan otellərə, istirahət mıərkəzlərinə çox şəhərlər həsəd apara bilər. Bunun hələ paltardəyişmə otağı “ceyran” peçi ilə qızdırılan Gəncəsi var, gecələr işığı sönən Tovuzu, Yakuba Bambanın istidən şikayət elədiyi Yevlaxı. Bakını bildik, bəs hansı bölgədə klub yaradasan ki, nə şiş yansın, nə də kabab?

Vaxtilə “Simurq” klubunda işləmiş Zöhrab Əliyev bizimlə söhbətdə regionlarda işləməyin çətinliyindən danışdı. Onun dediyinə görə, paytaxtda olan şəraitin bölgələrdə olmaması əsas problemlərdən biridir: “Kluba legioner dəvət edəndə Bakı klubunda ayda 5 min dollara oynamağa razı olur. Amma elə ki, söz düşdü əyalət komandasından qiymət qalxır 8-10 min dollara. Bölgələrdə istənilənsəviyyədə əyləncə məkanları olmadığından futbolçuların əksəriyyəti darıxır. Məşqdən çıxan futbolçular ən yaxşı halda çayxana və ya parkda vaxtlarını keçirə bilərlər. Bakıda isə bu cəhətdən seçim genişdir. Vaxtilə 21 yaşlılardan ibarət milli komandamızda çıxış edən Aleksandr Qrossa o zaman  təklif etdik ki, gəlsin, “Simurq”da oynasın və təcrübə yığsın. Amma bizə cavab verdi ki, mən heç vaxt rayon klubunda oynamaram. İndi məgər bilən var, Qross hardadır?

“Bölgələrdə mütəxəssis çatışmır”

Zöhrab bəyin dediyinə görə, bölgədə menitaliet baxımından da komanda saxlamaq çətindir: “Hər rayonun öz adəti, ənənəsi var. Rayonlarda futbol sahəsində mütəxəssislər tapmaq da qəliz məsələdir. Stadion üçün lazım olan avadanlıqlar da bölgələrdə tapılmır. Onu ora aparıb çıxarmaq, quraşdırmaq əlavə xərc tələb edir. Rayonlarda reklam məsələsindən ümumiyyətlə, danışmağa dəyməz. Bilet alan yoxdur. Yalnız Lənkəranda bilet satışı yaxşı idi. Amma o da gülməli qiymətə - 1 manata. Klub bununla necə dolana bilər? Azərbaycanda belə fikir formalaşıb ki, klub azarkeşlərə borcludur, onlar üçün hər şey etməlidir. Amma Avropada vəziyyət fərqlidir. Klub həm bilet satışından yaxşı pul qazanır, həm də azarkeşlər sevə-sevə, həvəslə gedirlər stadiona”.

Əliyev bəzi yerli futbolçuların rayonlarından sui istifadə etdiklərini də deyir: “Zaqatalalı bir futbolçu var idi, 1000 dollar çox alacaq deyə, öz doğma komandasını dəyişdi. Amma yarım ildən sonra yenidən kluba qayıtmaq istədi. Və bunun üçün rayon camaatından hər cür istifadə edirdi”.

“AFFA-nın hesabına dolanmağa nə var ki?”

Sovet dövründə Azərbaycanda böyük futbol klubları əsasən şəhərlərdə və ya şəhər tipli bölgələrdə yaradılırdı. SSRİ çempionatının II liqasının 9-cu zonasında mübarizə aparmış klublara fikir verək: “Kəpəz” (Gəncə), “Vosxod” (Sumqayıt), “Araz” (Naxçıvan), “Avtomobilçi” (Mingəçevir), “Xəzər” (Lənkəran), “Göyəzən” (Qazax). Olmazmı ki, indi də klub yaradılarkən məhz bu amilə diqqət yetirilsin? Yəqin ki, legioner Mingəçevirdə,  Gəncə, Sumqayıt kimi böyük şəhərlərdə darıxmaz.  Quba da Bakıya yaxın olduğundan bu rayonu da sıraya daxil etmək olar. Görək, Zöhrab Əliyevin bu məsələyə münasibəti necədir: “Gəncə klubu özünü sponsorsuz dolandıra bilər. Bunun üçün düzgün biznes strategiya hazırlanmalıdır. Təssüff ki, marketinq planı tərtib edib, ortaya çıxaran adam yoxdur. Mingəçevirdə də bunu gerçəkləşdirmək olar. Ancaq digərlərində çətin məsələdir. Məsələn, Lənkəranda öyrəşiblər ki, sponsor kluba pul buraxsın. Klubun imkanı yaxşı olanda, nəticə gələndə stadion dolurdu. Elə ki, sponsor pulu azaltdı və komanda başladı autsayderlər sırasına düşməyə, stadion da boşaldı. Yəni təbliğat düzgün aparılmır. Problem bundadır. Klubunu ürəkdən sevən azdır. Dar gündə gəlib dəstək olmaq əvəzinə, hamı üz döndərir. Gəncədə super şərait var. Mən stadionu, bazanı demirəm. Yəni böyük, müasir şəhərdir. Futbolu sevirlər, oyun vaxtı arenanı doldururlar. Ancaq orda da bir mütəxəssis yoxdur ki, bu işi qursun. AFFA-nın hesabına dolanmağa nə var ki?”.

İşıqsız, qazsız “Turan” liderlər arasında idi

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov da vaxtilə bölgədə - “Turan klubunda çaılışıb. Həmin dönəmdə rayonlarda normal otellər yox idi, yollar bərbad vəziyyətdə idi, gecələr işıqları da söndürürdülər. Tahir bəyin sözlərinə görə, bütün bu çətinliklərə baxmayaraq, onda futbol indikindən daha yaxşı vəziyyətdə idi: “Stadionlara azarkeş axını var idi. Nəinki o illərdə, bu proses demək olar ki, son 10-12 ilə qədər davam etdi. 2004-2005-ci illər mövsümündə “Turan”da vitse-prezident çalışdığım dönəmdə işıqlar axşamdan səhərə kimi söndürülürdü. Qazdan isə ümumiyyətlə, danışmağa dəyməzdi. Stadionda yerləşən köhnə bazada (yenisi təmir olunurdu) generator quraşdırıb minimum elektriki təmin edirdik. Ramiz Məmmədov, Kamran Ağayev, Ayxan Abbasov, Aftandil Hacıyev, Asen Nikolov, Sergey Skaçenko kimi futbolçular və biz şəraiti olmayan bazada qalırdıq. Amma hamı durumu anlayırdı. Çətinliklərə baxmayaraq, bütün diqqətimizi futbola yönəltmişdik. Həmin illərdə Lənkəran, Yevlax, İmişlidə stadion-bazaların tikintisinə başlanmışdı. İndi isə legionerlər bölgələrimizdə beş ulduzlu otellərdə qalmaq istəmirlər. Yerli fubolçular da Bakıya can atırlar. Bunun bir səbəbi var, futbolun düzgün istiqamətdə olmaması, Bakl klublarının çoxluğu. Futbol bölgələrə daşınarsa, azarkeşlər stadionlara axışar, çempionata maraq artar. Psixoloji baxımdan da paytaxta kütləvi axının qarşısı alınar. Bununla yanaşı, bölgələrdə onlarla istedadlı futbolçu yetişər”.

“İstənilən nəticə əldə olunmadı”

Süleymanov ilk növbədə tarixən futbol olan bölgələrimizə diqqət göstərilməsinin vacibliyini bildirir: “Müqayisə aparım. Neft-qazımız Xəzər dənizindədirsə, eyni şey Zaqatala, Qusar ya Qazaxda axtarılsa nə baş verər? Milyardlar havaya sovrular. Futbola da yanaşma bu cür olmalıdır. Futbolun beşiyi sayılan bölgələrimiz var. Gəncə, Tovuz, Qazax, Zaqatala, Lənkəran, Masallı, Quba, Qusar, Sumqayıt, Mingəçevir, Ağdam, Bərdə, Şirvan, Yevlax ilk növbədə bu bölgələrə diqqət ayrılmalıdır. Dövlətin idmana, futbola qayğısı var. Son 10-12 ildə yüz milyonlarla vəsait xərclənib. Təəssüf ki, istənilən nəticə əldə olunmayıb. Hər bir şəhər və rayonun öz komandası olmalıdır. Necə ki, müstəqilliyimizin ilk futbol mövsümündə müharibə, iqtisadi-siyasi xaosa baxmayaraq güclülüər dəstəsində 26 komanda çıxış edib. Say baxımından əla olsa da, futbol baxımından doğru addım deyildi. Heç İngiltərə çempionatında 26 klub çıxış etmir. Düzgün sistem, futbol idarəçiliyi qurulmadığına görə ilk mövsümdən başlayaraq klublar dağılmağa başladı. 1-2-ci liqalara önəm verilməməsinə görə, klublar aşağı divizionlarda oynamaq istəmirdilər. İqtisadi durum da bir tərəfdən...”

Bizim işimiz araşdırma aparmaq olsa da, fakt faktlığında qalır. Güclülər dəstəsinə Tovuz, Zaqatala kimi bölgələrin təmsilçiləri yox, heç bir sosial bazası, azarkeşi, bazası olmayan “Səbail” gəlir.