wrapper

Premyer Liqada oynayacağı rəsmiləşən “Səbail” klubuna “Neftçi”dən məşqçi köçü oldu. Samir Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusuna Səttar Əliyev, Vitali Kovalyov və Araz Qulamov da daxil edildilər. Samir Əliyev “Səbail” klubuna daha çox tanıdığı oyunçuları cəlb edir.

Misal üçün, “Neftçi” forması geyinmiş Aqil Məmmədov və Kamal Qurbanovun “Səbail”də oynayacaqları dəqiqləşib. Bundan əlavə, Azərbaycan futbolunun istedadlı nümayəndələrindən sayılan Fəhmin Muradbəylinin bundan sonra icarə əsasında “Səbail”də çıxış edəcəyi söylənilir. Məsələ burasındadır ki, futbolçu hazırda “Neftçi”də istədiyi qədər forma şansı qazanmır. Bu səbəbdən Fəhminin “Səbail”də keçəcəyi istisna deyil.

Məsələ ilə bağlı Futbol11.az saytına danışan gənc futbolçu bunları dedi: “Açığı, mən də bu barədə oxumuşam. Lakin məsələ ilə bağlı hər hansı fikrim yoxdur, çünki heç kimlə danışmamışam. Hazırda U-23 millisinin heyətində oyunlarda iştirak edirəm. Yəqin ki, İslamiada başa çatdıqdan sonra bu barədə nəsə konkret danışa bilərəm. İndiki məqamda bir reallıq var. O da “Neftçi” ilə müqaviləmin olmasıdır”.

Futbol11.az

Son redaktə Cümə axşamı, 18 May 2017