wrapper

AZAL Premyer Liqanı tərk edib, fəaliyyətini dayandırdıqdan sonra futbolçuları da sərbəst qaldılar. Bir sıra oyunçu özünə yeni komanda tapsa da, çox sayda futbolçu kənarda qalıb. Bunlardan biri də Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Əmircanovdur.

Hazırda fərdi məşqlərlə kifayətlənən cinah müdafiəçisi furuma belə aydınlıq gətirib: “Ötən mövsüm bizim nəticələrimiz yaxşı olmasa da, pis futbol sərgiləməmişdik. Demək olar ki, bütün oyunları əsas heyətdə çıxış etdim. Bütün oyunları əsas heyətdə oyna indi də qal kənarda... Həqiqətən də maraqlı durumdur. Özüm də aydınlaşdıra bilmirəm, niyə belədir? Öz mövqeyimdə heç kimdən zəif olduğumu düşünmürəm. Bütün rəqiblərimlə mübarizəyə hazıram. Ömrümü futbola vermişəm, iddialı klublarda oynamışam. İndi də gücüm var və zəif deyiləm. Sadəcə, bizdə belə bir tendensiya var. Kim 30 yaşı keçdi deyirlər qocadır. Sən bir də qocanın statistikasına bax, gör oyun vaxtı nə qədər qaçıb, neçə düzgün ötürmə verib. Futbolda vacib olan məqamlardan danışaq, yaşı niyə qabardırıq? Amma ümmidimi itirmirəm, inşallah çempionatın başlanmasına hələ var. Vəziyyətin düzəlcəyinə, klubsuz qalmayacağıma inanıram”.

Qeyd edək ki, Ruslan Əmircanov Azərbaycanda “Qəbələ”, “Karvan”, “Neftçi”, “İnter” kimi iddialı klubların formasını geyinib.