wrapper

“İnter” ardıcıl yaşadığı ciddi probelmlərə baxmayaraq, ölkəmizi Avropa Liqasında layiqincə təmsil edir. Zaur Svanadzenin rəhbərlik etdiyi komanda keçirdiyi hər 3 oyunu qalib başa vurub. Son olaraq Lüksemburqun “Fola” klubunu evdə məğlub edən “İnter”i qarşıda çətin səfər oyunu gözləyir. 

Səfər oyunundan öncə klubun futbolçusu Mirhüseyn Seyidov Futbol11.az saytına açıqlama verib. İlk oyunda vurulan yeganə qolun müəllifi olan Mirhüseyn ümidli danışdı: “Evdə keçirilən oyunda qol buraxmadıq. Bu hal bizim üçün çox yaxşıdır. Amma rəqib asan yem deyil. İlk oyunda göründü ki, bizi çox yaxşı analiz ediblər. Bütün bunlar bizim üçün siqnaldır. İnşallah, səfərdə 1 qol vurub öz qapımızı toxunulmaz saxlasaq, yaxşı olar. Ola bilər ki, səfər matçında daha ağır oyun alınsın. Düşünürəm ki, zəif oynayıb, nəticəni qorusaq belə bizim üçün fərq etməz. Əsas məsələ mərhələni keçməkdi və bunun üçün tam gücümüzlə çalışmalıyıq. Oyuna hələ iki gün qalıb. Bu müddət ərzində tam hazır vəziyyətə gəlməliyik. Mərhələ keçdikdən sonra futbolçularda məsuliyyət və özünəinam daha da artıb. İnşallah məşqçinin verdiyi tapşırıqları yerinə yetirib, mərhələni keçməliyik. Mənim səfər oyununda start heyətində meydançaya çıxıb-çıxmayacağım məşqçi qərarından asılıdır. Əgər şans versə, mən bundan maksimum yararlanmağa çalışacağam. Oyun hər zaman hazır olmalıyam”.

Qeyd edək ki, “Fola” – “İnter” oyunu 20 iyul 21:30-da başlanacaq.