wrapper

Tərlan Əhmədovun “Neftçi”nin baş məşqçisi olmağı artıq bir çoxlarında ümid qığılcımı yaradıb. Futbol11.az xəbər verir ki, bakılıların ən fəal azarkeş qruplarından olan və bundan əvvəlki çalışdırıcı Elxan Abdullayevin “xuliqan” adlandırdığı “Forza Neftçi” də gələcəyə nikbin baxanlardandı. Elə bu səbəbdəndi ki, adıçəkilən fan-klub öz “Facebook” səhifəsi vasitəsilə yeni baş məşqçiləri Tərlan Əhmədova müraciət ünvanlayıb:

“Hörmətli, Tərlan müəllim! “Neftçi” onu sevən, uğuru üçün çalışan, azarkeşlər də daxil olmaqla, böyük “Neftçi” ailəsinə dəyər verən bütün dürüst insanların evidir. Evinizə xoş gəldiniz! “Forza Neftçi” olaraq, gəlişinizin 2011-2013-cü illərdə olduğu kimi, düşərli olacağına ümid edirik. Heç bir baş məşqçidə olmadığı qədər sizə qarşı böyük bir inam var. “Neftçi” heç zaman sahibsiz olmayıb. Həmişə komandamızın yanında olmuşuq. Lakin istənilən klubun güclü azarkeşdən savayı, güclü baş məşqçiyə də ehtiyacı var. Bu ehtiyac isə hər mövsüm hansısa səbəblərdən 3 ildir ki, davamlı olaraq bizi “Neftçi” sevgisi ilə imtahana çəkir. Bu imtahanlardan hər zaman alnı açıq çıxsaq da, klubda nə azarkeşə, nə də klubun adına layiq olmayan şəxslər həmişə özlərini qalib və günahsız kimi göstərmişlər. Tarixə nəzər salsaq, Hans-Yurgen Gede, Vəli Qasımov, Elxan Abdullayev kimi uğursuz məşqçilərin dövründə də, adımıza “8-0”lıq ləkə yaxılanda da, hətta klubu sevdiyimiz üçün polis bölmələrinə “sifariş” ediləndə də bu mübarizədən dönmədik. Mübarizəmizin tək məqsədi “Neftçi”nin layiq olduğu oyunu oynaması, layiq olduğu yerdə olmasıdır. Tərlan müəllim, bütün bu uğursuzluqların səbəblərindən biri də klub daxilində məşqçilərin işinə yalnış yerə qarışılması oldu. Biz bunları bildiyimizdən, sizdən xahiş edirik ki, heç bir kəsin işinizə qarışmasına izn verməyəsiniz, öz futbol fəlsəfənizi, döyüşkən oyun ruhunu komandaya tətbiq edəsiniz. Sizin bildiyinizi və istədiyinizi edəcəyiniz təqdirdə bizi bu bataqlıqdan çıxaracağınıza inanırıq! Siz “Neftçi”mizlə avroliqa görmüş, autsayder AZAL-la döyüşkən heyət yaratmış təcrübəli baş məşqçisiniz. Əsəb və göz yaşı dolu keçmiş illərin sizinlə bitəcəyinə inanırıq. Biz vaxtilə 2-ci yeri tutanda klubda baş məşqçinin işinə yenidən baxılırdı. İndi isə 3-5 yaşı olan klubların qarşısında aciz qalırıq, 7-ci yeri tuturuq. Amma nəticə olaraq, eyni baş məşqçiləri, eyni məğlubiyyətləri görürük. Tribunaya dəstəyə gələn ibtidai sinifdə oxuyan kiçik qardaşlarımızdan tutmuş, 70 yaşlı babalarımıza qədər hər kəs sizə ümidlidir! Həyatda bizə pulsuz verilən, amma çox dəyərli olan bir şey vardır, o da zamandır. Biz tək müəyyən vaxtımzı yox, bütün əsəb dolu ömrümüzü “Neftçi” yə həsr etmişik. Hər cür şirinliklə, müvəqqəti qələbələrlə bizi aldatmağa çalışdılar. İllərimizi əlimizdən aldılar. Kim bilir neçə çempionluq, neçə kubok, neçə Avropa meydanımız itirildi. Artıq bu qədər cəza bəsdir, qalxmaq vaxtıdır! Tərlan müəllim, sizi baş məşqçimiz yox, qəhrəmanımız olmağa çağırırıq! Gəlin, bu qoca çinarı yıxılmağa qoymayaq!” 

Hörmətlə, "Forza Neftçi"

Son redaktə Bazar ertəsi, 11 Sentyabr 2017