wrapper

Ötən ilin sentyabrında qalmaqallı şəkildə “Neftçi”dən “Qəbələ”yə keçən Ruslan Qurbanov öz “Facebook” profilində maraqlı bir keçid bölüşüb. Futbol11.az xəbər verir ki, hücumçu 2015-ci ildə AZAL-a qol vurandan sonra çəkilən şəklini və düşünən “smaylik” paylaşıb. Təbii ki, bu paylaşım diqqət cəlb etməyə bilərdi, amma...

Qurbanov bunu məhz həmin vaxt məyus etdikləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun “Neftçi”yə təyin olduğu gün paylaşıb. Maraqlıdı, görəsən, Ruslan bununla nə demək istəyib? (Ruslanın paylaşdığı “smaylik”dən)

Yəqin bir çoxlarının yadındadı, Ruslanın qoluna baxmayaraq, AZAL-ın 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra hər iki komandanın futbolçuları arasında mətbuatda söz atışması olmuşdu. Əvvəlcə oyundan sonra açıqlamasında AZAL futbolçuların daha az məvacib almaqlarına baxmayaraq, onları üstələməsini vurğulayan hücumçuya “təyyarəçilər”in kapitanı Rail Məlikovdan sərt cavab gəlmişdi. Ardınca isə Ruslan “Facebook” profilində Məlikovun bostanına daş atmışdı:

"Qoy mən futbolda heç kim və heç nə olum, ancaq sən kapitan olanda mən səni təbrik etdim Rail Məlikov. Lakin unutma ki, sən "Neftçi"dən necə getmisən və indi hardasan. Milli haqqında isə mənə sən yox, baş məşqçi irad bildirə bilər. Ulduz futbolçu söhbəti mənə çatmır. Çünki mən hələ öz üzərimdə daha çox işləməliyəm ki, başıuca gəzə bilim. Sənə də, komandana da uğurlar arzu edirəm. Sən nəyisə səhv anlamısansa, bu, artıq mənim problemim deyil. Mən AZAL-ı təhqir etməmişəm. Belə deməyimə səbəb isə klublar arasındakı büdcə fərqi olub, cənab Məlikov. Sənə uğurlar arzu edirəm, Kapitan".

Təbii ki, Rail də bunu cavabsız qoymamışdı: “Ruslan başından yekə danışmasın. Bilmədiyini deməsin. O, bilmir "Neftçi"də nə söhbətlər olub, mən niyə getmişəm o komandadan. Hələ onun o yaşı deyil. Hər şey göz qabağındadır. Kor-kor, gör-gördü də, onun oyunu da hamıya məlumdur".

Elə həmin mövsümün 2-ci dövrəsində səfərdə də “Neftçi”ni üstələyən AZAL-ın sabiq, “ağ-qaralar”ın isə indiki məşqçisi Tərlan Əhmədov isə oyunsonrası mətbuat konfransında maraqlı açıqlama vermişdi:

“Neftçi”ni 2-1 hesabı ilə udanda rəqib düşərgədən demişdilər ki, AZAL küçə komandasıdır. Əlbəttə ki, bu sözdən sonra “Neftçi” mənim üçün prinsipial rəqib olacaq. Əgər mən bu gün AZAL-da işləyirəmsə, bu komandanın şərəfini qoruyuram. Heç kim heç kimi aşağılaya bilməz. Həmin o sözə görə biz bu gün “Neftçi”ni üstələdik və mən qisasımı aldım".

Görəsən, Ruslanın bu paylaşımı yenidən sönmüş vulkanın püskürməsi anlamına gəlirmi?