wrapper

Çempionlar Liqasında debüt edən “Qarabağ” üçün start faciəvi alındı. Futbol11.az xəbər verir ki, “Çelsi”dən 6 cavabsız top buraxan ağdamlılar bununla da avrokuboklarda ən uğursuz nəticəsini təkrarladı.

Təmsilçimiz indiyə kimi 2 dəfə bu hesabla yenilmişdi. “Atlılar” 1998-ci ildə Kuboklar Kubokunda Kopenhagendə eyni adlı komandadan, 1 il sonra isə İntertoto kubokunda səfərdə “Monpelye”dən 6 top buraxmışdı. Bu, həm də baş məşqçi Qurban Qurbanovun da avrokuboklarda ən böyükhesablı yenilgisi oldu. “Qarabağ” onun rəhbərliyi altında avrokuboklarda ən pis halda Dortmund “Boruyssiya”sına 0:4, “Fiorentina”ya isə 1:5 hesabı ilə məğlub olmuşdu.

Maksim Medvedev isə Azər Cabbarovdan sonra avrokuboklarda öz qapısına qol vuran 2-ci “Qarabağ”lı oldu. Cabbarov 2004-cü ildə UEFA kubokunda “Dukla” ilə Bakıdakı matçda qapıları səhv salmışdı. 

Bundan başqa, klublarımız İngiltərə təmsilçilərinə qarşı 3-cü oyuda da məğlub oldu. Daha əvvəl də “Qarabağ” Londonun digər təmsilçisi olan “Tottenhem”lə matçlarda xala həsrət qalmışdı – səfərdə 1:3, evdə 0:1. 

Son redaktə Çərşənbə, 13 Sentyabr 2017