wrapper

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşüb.

Futbol11.az xəbər verir ki, təcrübəli müdafiəçi eyni mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edib. Sadıqov “Qarabağ”ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir. Ötən il Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan çempionu olan “Qarabağ”ın U-19 komandası da UEFA Gənclər Liqasında mübarizəyə start verib. Sadıqovun rəhbərlik etdiyi komanda qrupda ilk oyununda “Çelsi”yə Londonda 0:5 hesabı ilə uduzub.

Bu qarşılaşmadan bir neçə saat sonra təcrübəli müdafiəçi əsas komandanın heyətində "Çelsi"yə qarşı mübarizə aparıb. Bu matçda isə "zadəganlar" Ağdam klubuna 6:0 hesabı ilə qalib gəlib.

Bununla da Rəşad Sadıqov Çempionlar Liqasının eyni mövsümündə həm məşqçi, həm də futbolçu kimi iştirak edən şəxs kimi tarixə düşüb.