wrapper

 

Azərbaycanda ən çox milli hesab edilən idman növü sözsüz ki, güləşdir. Bu sahədə ad qoyan pəhləvanlarımız saymaqla bitməz. Amma son vaxtlar ölkəmizdə futbola maraq daha da çoxalıb ki, bu da səbəbsiz deyil. Futbolun 1 nömrəli idman növü olması və populyarlığı yeniyetmələrin marağını cəlb edir. Hətta vaxtilə idmanın  digər növləri ilə məşğul olanlar onu yarımçıq qoyub, futbola gəliblər. Bu qəbildən olan ən tanınmışlardan yazacağıq...

Rəşad Sadıqov: Dünən beynəlxalq karyerasına son qoyan Rəşad Sadıqov vaxtilə kikboksla məşğul olub. Müstəqil Azərbaycan futbolunun ən parlaq 3 nümayəndəsindən biri sayılan Sadıqov məşqçisi Vaqif Sadıqovun istəyi ilə kikboksla vidalaşıb və özünü tamamilə futbola həsr edib. O, karyerasının ilk vaxtlarında hər iki növlə məşğul olurmuş. Məlumat üçün xatırladaq ki, Sadıqov futbolsuz qaldığı dönəmdə yaxın dostu Tahir Baxşıyevin istəyi ilə bir müddət basketbolla da məşğul olub. 

Səbuhi Sadiqov: Dünyasını bir neçə il öncə dəyişmiş Səbuhi Sadıqov futbola gəlməzdən öncə cüdo ilə peşəkarcasına məşğul olub. Qeyd edək ki, Sadiqov  Azərbaycan milli komandasının sabiq üzvü, hazırda “Neftçi”də çıxış edən Rəşad Sadiqovun qardaşıdır. 

Vəli Qasımov: Azərbaycan futbolunun ən məşhur nümayəndələrindən olan Vəli Qasımov futboldan öncə həndbolla məşğul olub. Qasımov həndbol komandasının tərkibində bir sıra yarışlara qatılsa da, ciddi uğuru  yoxdur.

Nazim Süleymanov: Legioner həyatı yaşadığı komandanın – “Alaniya”nın  çempionluğunda əsas pay sahibi olan Nazim Süleymanovun güləşçi bacarığı da var. Sula doğulub boya-başa çatdığı Sumqayıt şəhərində milli idman növümüzlə məşğul olub. Amma yaxşı ki, vaxtilə güləşi futbola dəyişib. Yoxsa Azərbaycan futbolunun fəxrlərindən olan Nazim Süleymanovsuz qalardıq. 

Rasim Ramaldanov: Vaxtilə milli komandanın mərkəz müdafiəçisi kimi çıxış etmiş, hazırda “Qəbələ”nin əsas heyətinə düşməkdə çətinlik çəkən Ramaldanov güləş üzrə Bakı çempionudur. Azərbaycan çempionatında iştirak etsə də, nəticə qazana bilməyib. 

Amil Əhmədov: Vaxtilə elitada çıxış etmiş “Ədliyyə klubunda oynamış Amil Əhmədov peşəkar karateçidir. 

Mikayıl Namazov: Son olaraq “Qəbələ”də oynamış Mikayıl Namazov “Xəzər Universiteti”, “Xəzər Lənkəran”, “Masallı” kimi klubların formasını geyinib. Mərkəz müdafiəçisi kimi Azərbaycan milli komandasına qədər yüksələn sabiq 6 nömrə buna qədər karate ilə peşəkarcasına məşğul olub. Gənclər arasında Avropa çempionu olan Namazov 4 dəfə Azərbaycan çempionatının qalibi adını qazanıb. 

Kamal Bayramov: Hazırda “Zirə”nin şərəfini qoruyan Kamal Bayramov peşəkar rinqdə döyüşüb. Kikboksla 10 ilə yaxın məşğul olan Kamalı indi də döyüş zallarında görmək olar. 

Orxan Sadıqlı: Azərbaycanın Cəlilabad rayonundan olan və futbolda “Xəzər Lənkəran”ın yetirməsi kimi tanınan Orxan Sadıqlı futboldan öncə güləşlə məşğul olub. 

Təvəkkül Məmmədov: Döyüş növlərindən futbola gələn və bir müddət “Sumqayıt”ın uğurları üçün çalışan Məmmədov Rusiyaya qayıtdıqdan sonra bir az top qovsa da, sonradan yenidən döyüş növlərinə qayıtdı. 

Mənbə: Futbol11.az

Son redaktə Cümə, 06 Oktyabr 2017