wrapper

Futbol üzrə milli komandamızın üzvü Dəniz Yılmaz "Bursaspor"dan göndəriləcək. Futbol11.az xəbər verir ki, 29 yaşlı hücumçu qış transfer dönəmində komandanı tərk edəcək. 

Hazırda komanda axtarışında olan hücumçunun bir neçə variantı var. Onu transfer etmək istəyən klublardan biri də birinci liqada mübarizə aparan "Ərzurumspor"du. Ərzurum təmsilçisinin rəhbərliyi mərkəz hücumçusu rənglərinə bağlamaqda israrlıdır. 

Lakin oyunçunun "mavi-ağlar"a keçidində problem yaşanıb. Belə ki, onun legioner statusu daşıması "Ərzurumspor" rəhbərliyini geri çəkilməyə məcbur edir. Bunu komandanın baş məşqçisi Məhmət Altıparmak da təsdiq edib: "Bizim yaxşı komandamız var. "Bursaspor"dan bizə Dəniz Yılmazla bağlı tələb gəldi, bizim də Dəniz üçün bir tələbimiz var. Yılmazı hər zaman heyətimizdə görmək istəyərik. Ancaq o, hazırda Türkiyədə legioner hesab edilir və bizim 5 əcnəbimiz var. Bu transferin reallaşıb-reallaşmayacağını zaman göstərəcək".

Qeyd edək ki, Dəniz 2016-cı ilin yayında Azərbaycan millisində oynamağa razılıq verib. O, yığmamızın heyətində 2 oyun keçirib. 

Futbol11.az