wrapper

16 yaşadək futbolçulardan ibarət millimizin Bakıda təşkil olunan təlim-məşq toplanışına ölkə xaricindən 3 futbolçu dəvət edildi ki, bunlardan bir də Tərxan Mehdiyev oldu.

Valideynləri Cəbrayıldan olan Tərxan ailəsi ilə birlikdə Fransanın Pau şəhərində yaşayır. Qısa arayış olaraq bildirək ki, 2002-ci ildə qürbətdə doğulan Mehdiyev, 6 yaşından klubu “Pole Espoirs"də futbolun sirrlərini öyrənir.

Məhz bu məlumatlar Futbol11.az saytında yayımlandıqdan sonra, millimizin baş məşqçisi Vüqar Məmməd Tərxan barədə məluma toplamış, azərbaycanlı balasını yoxlamaq qərarına gəlmişdi.

Təlim-məşq toplanışı martın 14-də başa çatıb. Görəsən, bu sınaq müddəti Tərxan üçün necə keçib? Bu məqsədlə Mehdiyevin fikirlərini öyrəndik.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Mehdiyev millidən dəvət alanda şoka düşdüyünü dedi: "İlk dəfə milliyə dəvət alacağımla bağlı xəbəri eşidəndə şoka düşdüm. Düzü, inanmırdım. Heç belə bir şey də gözləmirdim. Milliyə dəvət almağım klubumda da maraqla qarşılandı. Bu şansı mənə tanıyanlara təşəkkürümü bildirirəm. Öz vətənimin millisinə dəvət aldığım üçün çox sevinirəm. Bu, mənim Azərbaycana ikinci gəlişimdi. Bakıya çatanda, hələ də gözləmə inanmırdım ki, mən milliyə dəvət aldığım üçün vətəndəyəm". 

Fransanın "Monako", "Lion", "Tuluza" kimi klublarının maraq dairəsində olan Tərxan, Azərbaycan çempionatını izləmədiyini desə də, son 3 ilin çempionu "Qarabağ" barədə məlumatı olduğunu söylədi: "Azərbaycan çempionatını izləməsəm də, "Qarabağ"la bağlı məlumatım var. "Monako" və "Sent-Etyen"lə matçlarını xatırlayıram. Həmin qarşılaşmaları canlı izləyə bilməsəm də, televizor vasitəsi ilə baxmışdım. Çünki Monako və Sent-Etyen bizim olduğumuz Pau şəhərindən uzaqdı. Bundan başqa komandanın kapitanı Rəşad Sadıqov ən xoşuma gələn futbolçudu".

Cəbrayıllı balası ona Bakıda göstərilən qayğıdan da danışıb: "Baş məşqçimiz Vüqar Məmməd məni çox isti qarşıladı. Məni komanda yoldaşlarıma tapşırdı ki, Tərxanla deyib-gülün, ortama tez alışsın, özünü tək hiss etməsin. Burada yaradılan şəraiti çox bəyəndim. Fərqli mənzərə ilə qarşılaşdım. Adaptasiya baxımından heç bir çətinlik çəkmədim.  Vüqar müəllim mənimlə maraqlanacağını, oyunlarımı izləyəcəyini bildirdi. Bundan başqa o, Fransada olduğum müddətdə klubdakı məşqçimlə mütəmadi olaraq əlaqə yaradacağını, ondan barəmdə məlumatlar alacağını dedi. Mən də çalışacam ki, üzərimə düşən vəzifəni yerinə yetirim".

Futbol11.az 

Son redaktə Cümə, 17 Mart 2017