wrapper

"İştah güc gələndə, sən o sən deyilsən" - bu, təkcə bir məhsulun reklam sloqanı deyil. Bu, həm də, gücü uğur qazanmaq üçün yetərli olmayan, amma zəfərə ac olanların devizidir.

Millimizi qarşıdan Almaniya ilə asan oyun gözləyir. Bəli, asan... Robert Prosineçkinin də dediyi kimi, futbolçularımızın son dünya çempionları ilə oyundan öncə üzərində təzyiq yoxdu. Millimiz qarşılaşmadan lap böyükhesablı məğlubiyyətlə ayrılsa belə, bunu normal qarşılayacağıq. Çünki adamın Yöahim Lövün Bakıya gətirəcəyi futbolçuların siyahısına baxanda başı gicəllənir.

Amma futbolda bəzən sürpriz nəticələr, möcüzələr də olur. Əslində, buna "sürpriz" deməyi də doğru hesab etmirəm. Mənə görə, bu, istəyin gücə qalib gəlməsidi. Sözsüz ki, bunun üçün baş məşqçi futbolçuları ən yaxşı bildiyi şəkildə motivasiya etməlidir, inandırmalıdır.

Necə ki, bunu U-17 millimizin sabiq, hazırda isə U-15 və U-16 yığmalarımıza başçılıq edən Vüqar Məmməd edib. Sizə təqdim edəcəyimiz futbolçuları motivasiya üçün hazırlanmış video ötən ilin məhsuludu. 17 yaşadək futbolçulardan ibarət seçməmiz Rumıniyada keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsində qrupda İngiltərə, Avstriya, Rumıniya yığmalarına rəqib olub. Komandamız Bakıdan səfərə yollananda çoxları ilk oyundaca millimizlə matçdan öncə Almaniyanı  8:1 hesabı ilə darmadağın edən ingilislərin qapımızı top atəşinə tutacağını deyib. Ancaq futbolçulara edilən motivasiya nə qədər qəribə olsa da, darmadağının qarşısını alıb - 0:2. Bunun üçün baş məşqçi futbolçuların ailə üzvlərinin, yaxınlarının iştirakı ilə onlara inandıqlarına dair videoçarx hazırlayıb, matçdan əvvəl də oyunçularına izlətdirib. 

Xatırladaq ki, millimiz sözügedən mərhələni 3 xalla başa vurub. Avstriyaya 1:3 hesabı ilə məğlub olan yığmamız, Rumıniya üzərində qələbəyə sevinib - 1:0.

Sözügedən videoçarxı təqdim edirik:

Son redaktə Bazar, 19 Mart 2017

Media