wrapper

"Bugünkü matçda əsas məsələ qələbə qazanmaq idi. Biz də buna nail olduq". Futbol11.az xəbər verir ki, bu sözləri Norveç millisinin baş məşqçisi Lars Laqerbek deyib.

Skandinaviya ölkəsinin təmsilçisi DÇ-2018-in seçmə mərhələsində öz meydadında millimizi 2:0 hesabı ilə məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib. O, futbolçularndan razı qaldığını deyib: "Futbolçularımın oyunundan və matça yanaşmalarından xeyli razı qaldım. Bu 3 xal bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Biz neçə dəfə özümüz rəqibə qol vurma şansı yaratdıq. Qarşıdakı görüşlərdə belə səhvləri təkrarlamaq olmaz. Bununla belə, oyundan razıyam. Biz məqsədimizə nail olduq".

İsveçli mütəxəssis qol epizodlarından lazımınca yararlana bilməmələrindən narahatlıq ifadə edib. Onun fikrincə, bu hal Almaniya ilə qarşıdakı görüşdə komandaya problem yarada bilər. Müdafiə xəttindən razılıq ifadə edən təcrübəli baş məşqçi hücum xətti üzərində işləməyə zərurət olduğunu söyləyib. O, İslandiya yığmasındakı uğurlu fəaliyyətindən sonra Norveç millisindəki işini qiymətləndirməyə tələsməyib: "Hələlik qiymət verməyə tələsmirəm. Çünki cəmi 4 matç keçirmişəm. Ümidvaram ki, Norveçdəki işim İslandiyadakı kimi uğurlu olacaq".