wrapper

"Bizim üçün çətin olacağını etiraf etməliyik. Çünki Rəşad millinin ən yaxşı oyunçularından biri idi". Futbol11.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununda Çexiyanı qəbul edən millimiz 1:2 hesablı məğlubiyyətə üzülüb. AFFA rəsmisi matçdan sonra jurnalistlərə müsahibə verib. O, öncə milli karyerasını başa vuran Rəşad Sadıqov haqda danışıb: "O, vətəni və futbolu sevən insandı. Rəşada gələcək məşqçilik karyerasında ancaq uğurlar arzu edə bilərəm". 

- Rəşadı tezliklə milli komandalarımızın birindəı məşqçi vəzifəsində görə bilərik?

- İnşallah. İlk növbədə təcrübə toplamalıdır. Bilirsiniz ki, hazırda "Qarabağ"ın U-19 komandasında çalışır. İnanıram ki, Rəşad yaxşı məşqçi olacaq. 

- Prosineçkinin millidəki gələcək taleyi necə olacaq?

- Sözün düzü, bu məsələni müzakirə etmirik. Çünki qarşıda bir  oyunumuz var. 

- Ümumiyyətlə, özü komandada qalmaq istəyir?

- Danışmamışıq. 

- Son açıqlamalarında hiss olunur ki, qalmaq fikri var...

- Hər bir baş məşçi işini davam etdirməyi arzulayır. Lakin bizə heç nə deməyib. Biz əvvəlcədən razılaşdıq ki, müqavilə bitəndən sonra müzakirə aparaq. 

- Ümumiyyətlə, onun işi sizi qane edir?

- Nəzərə almalıyıq ki, 10 xalımız var və bu, bizim üçün rekorddu. Təbii ki, daha çox xal qazanmaq üçün imkanımız var idi. Unutmayaq ki, 3 oyundan sonra bizim 7 xalımız var idi. 

- Elxan müəllim, millətlər liqasının reqlamenti qəribədi. Sanki D divizionuna düşmək daha az xalımızın olması bizə sərf edir.

- Bəli, əslində, belə bir şey var. Seçmə mərhələ oyunları bitəndən sonra reytinq müəyyən olunacaq. Bu gün üçün Azərbaycan millidi D divizionuna düşür. Hazırda biz C divizionundayıq, D-yə düşürük. Amma onu da deyim ki, qarşıda seçmə mərhələsi var və orda da səbətlər mövcuddur. Yəni, bir-birini kompensasiya edə bilər. Ümumiyyətlə, bununla bağlı tədbir təşkil edəcəyik və Millətlər Liqası barədə ictimaiyyətə məlumat verəcəyik. 

- Hər oyundan sonra millinin baş məşqçisi AFFA rəhbərliyinə hesabat verir. Baş məşqçidə öz komandasında oynamayan futbolçulara qarşı sevgi var. Ondan bunun səbəbini soruşmusunuz?

- O da baş məşqçidi. Amma bu barədə danışmaq çətindi. Görək, Almaniyaya qarşı kimlər oynayacaq, ondan sonra danışacağıq.   

Son redaktə Cümə axşamı, 05 Oktyabr 2017