wrapper

Gözünüz aydın, cənablar! Azərbaycan futbolunda tarixi nəticə qeydə alınıb. Haydi, hava limanına doğru axın edib, onları gül-çiçəklə qarşılayaq. U-19 millimiz FIFA-nın rəhmətlik I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 9-cu yeri tutub.

Özü də Rusiyada... Özü də rusların bizə dağ çəkdiyi 20 yanvar tarixində!

İnanın ki, bu dəqiqə millimizin baş məşqçisi Təbriz Həsənovu bağrıma basıb, sevincimdən hönkür-hönkür ağlamaq istəyirəm. Sənin "bəxtimiz gətirmədi" deyən dilinə quzu kəsim...

Bu, sadəcə, fantastik nəticədir. Siz elə bilirsiz ki, bu kasıb Azərbaycanın 16 komandanın iştirakı ilə keçirilən turnirdə Hindistan, Tacikistan kimi ölkələri qabaqlaması elə-belə şeydir?  

Yatıb, heç yuxumuzda da belə bir nəticə görməzdik. Təklif edirəm ki, AFFA-nın inzibati binasında bu nəticəyə görə xüsusi guşə yaradılsın. İllərdi müxtəlif yaş qrupları üzrə millilərdə çalışan Həsənovu bu xidmətinə görə "Şərəf" ordeni ilə də təltif etmək lazımdı. Amma ordeni döşün sol tərəfinə yox, sağına taxılsın. Ordenin sancağı ürəyindəki kreslo, vəzifə sevgisinə toxuna bilər. Nadir tapıntı hesab edilən, AFFA-nın əvəzedilməzini incitmək olmaz axı...

Zəfərin memarı Təbriz Həsənovla yanaşı, milliləşdirilən abilərimizi də diqqətdən kənarda saxlamaq olmaz. Mütləq ki, Hüseyn Seygili, Mətin Gülər, Barış Ekinciler, İsmayıl Karakaş, Doğukan Öksüzün də əməyini dəyərləndirmək lazımdı. Unutmayaq ki, onlar öz millilərindən imtina edib, bizim şərəfimiz üçün yığmamızda oynamağa razılıq veriblər. Bir digər millilərin də heyətinə baxın da. Görün, bizdən başqa hansı millinin heyətində əcnəbilər var? Görün, hansı futbolçu öz millisindən imtina edib, bizə kömək etməyə gəlib? Yoxdu axı...

P.S. Yeri gəlmişkən, U-21 millimiz də Antalyadakı təlim-məşq toplanışını çərçivəsində Sudandan olan həmyaşıdlarına yoxlama matçında 1:4 hesabı ilə məğlub olub. Halal olsun, Vahabzadə Yaşar! 39 milyon əhalisi olan Sudanla 10 milyonluq ölkənin millisinin gücünü sınamaq da cəsarət tələb edir! Bir sözlə, onun da SUDAN quru çıxmağını dəylərndirmək lazımdı, vacibdir, şərtdir!

EMİN SƏFƏROV

Son redaktə Şənbə, 21 Yanvar 2017