wrapper

Renat Dadaşovun Azərbaycan milli komandasını seçməsi təklifini eşidən kimi gözümün qabağına dahi Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilmiş “O olmasın, bu olsun” filmindən məşhur səhnə gəldi. Rüstəm bəyin evində yeyib-içmək məclisində hamı boğazını yaşladıqdan sonra sağlıq demək fikrinə düşür. Növbə gəlib çatır Həsən bəyə: 

-Pardon, pardon, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlib ki, əziz qızı madumuazel Gülnazı ona ərə versin? Gözəlliyi? Xeyr, ərz elədim ki, Məşədi İbad çirkindir. Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? Bəlkə malı, pulu, dövləti? Xeyr- xeyr, Rüstəm bəy pulgir adam deyil. Nəhayət, bəs nəyi? Bax, biz burda oturub şərab içirik, Məşədi İbad isə çay içir. Deməli, Məşədi İbad nədir? Məşədi İbad ööö həbi musilman veri. Yəni Məşədi İbad əsl müsəlmandır!

Həsən bəy demiş, əcəba 8 ay bundan əvvəl Dadaşov belə sualları eşidəndə niyə qaçıb gedirdi, indi isə deyir ki, “Azərbaycan mənim ürəyim, valdeynlərimin doğma vətənidir. Mən öz ürəyim, atam-anam üçün çıxış edəcəm”. AFFA-nın nəyi və harası Renat bəyə xoş gəlib ki, o doğulduğu Amaniyada böyük perspektivləri qoyub Azərbaycana gəlib? Malı, pulu, dövləti? Bax, biz burada Həsən bəy kimi deyə bilməyəcəyik ki, xeyr, Dadaşovlar pulgir deyil, onları bayraq, millət, himn maraqlandırır. 

17 may 1999-cu ildə Reyn çayının sağ sahilində yerləşən və daha çox şərabları ilə tanınan Ryudeshaym şəhərində doğulan 17 yaşlı yeniyetmə nədən birdən-birə Azərbaycana gəlmək fikrinə düşsün? Aydın məsələdir, heç kim təminat verə bilməz ki, Renat 3-4 ilə Almaniya milli komandasının əsas futbolçusu olacaq və dünya, Avropa çempionatlarında iştirak edəcək. Amma heç kim o təminatı da vermir ki, bura gəldikdən bir müddət sonra qardaşı Rüfət kimi o da heç kəsə gərək olmayacaq.

Düzü bilmirəm, Dadaşovların Azərbaycandakı qohumları hansı tərəfdə yaşayırlar, onların evində kabel televiziyası var, ya yox? Onlar dövlət televiziyasını izləyirlər, ya yox? Amma dünən gecə sosial şəbəkələrdə gördüyüm capslar məni xeyli güldürsə də, bir o qədər də düşünməyə vadar etdi. Təsəvvür edin, Renat Dadaşov Almaniya ilə oyundan əvəl AZTV-də Rövşən Məmmədovun aparıcısı olduğu “Günün nəbzi” verilişinə çıxır və bəyan edir: “Almaniya dağılır, futbolun inkişafı yoxdur, dünən elə ölkənin ən böyük banklarından Postbank Münhenqladbax “Borussiya”sına sponsorluqdan imtina etdi. Münhendə yerləşən Lyudviq Maksimilian adına Universitetin dekan yardımçısı Anna Herbel tələbələri məcbur edir ki, sosial şəbəkələrdə Angela Merkelin xeyrinə statustlar yazsınlar. İki gün əvvəl Kölnün tanınmış psixoloqu Ziqmund Effenberq özünü 157 metrlik Kölner Dom-dan ataraq, intihar etdi. Əziz həmyerlilərim, bir ölkədə ki, psixoloq özünü kilsədən atıb öldürür, mən necə o yığmanın formasını geyinim? 

-Hələ mən bizi boğaza yığan festivallardan danışmıram. Əvvəl cəhənnəm, bir Oktoberfest var idi, indi Dortmund donuz qulağı festivalı keçirir, Frankfurt şor kələm (Sauerkraut) festivalı, Beş-on gün bundan qabaq Hamburqun icra nümayəndəsi vətəndaşları qəbul edəndə türk diasporunun nümayəndələri xahiş ediblər ki, burda dönər festivalı keçirilsin. Axı mən orada necə qalaydım? Özünüz deyin! Mənim parlaq gələcəyim Azərbaycanla bağlıdır. Almaniyadan Azərbaycana „Merceders“, „Opel“, gətirib satıb məni sonadək dəstəkləyən həmyerlilərimə eşq olsun! Martın 26-da Azərbaycan – Almaniya oyununda görüşənədək. Yaşasın Azərbaycan, rədd olsun Almaniya, Deutschland nach unten!

 

AYXAN

Son redaktə Şənbə, 28 Yanvar 2017